“Azərbaycandakı multikulturalizm nümunələri haqqında kitablar yazılmalı, filmlər çəkilməlidir”.
“Report”un xəbərinə görə, bu fikirləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransdakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, uzun illər mövcud olan birgəyaşayış sayəsində biz bu gün multikulturalizmdən danışırıq: “Bu gün eyni halı dünyanın başqa ölkələrində görmək çox çətindir. Birgəyaşayış mənəvi dəyərlərimiz üçün ən vacib elementdir. Hesab edirəm ki, bu dəyər həm də dünyada sülhün davamlı olması üçün öz töhfəsini verir. Bu gün Azərbaycanda milliyətindən asılı olmadan hər kəs çox rahat yaşayıb yaradır. Hazırda Azərbaycana qarşı təhdidlər hələ də var, lakin bizim xalqımızın birliyi bütün bu problemləri ölkəmizdən kənar tutur”.
S.Heydərov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində də bütün dünya Azərbaycan xaqının birliyini gördü: “Hər birimiz cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı azad etdik və dünyaya birlik, həmrəylik dərsi keçdik. Biz hazırda bu birliyin mükafatlarını alırıq. Ona görə də həmin dəyəri artıq bütün dünyaya ötürməli və daha da zənginləşdirməliyik”.