Bu gün Şərur rayonunun Siyaqut kəndində torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhid olmuş leytenant Səfərov Şahmar Nazim oğlunun və əsgər Səfərov Cəsarət Xaliq oğlunun xatirəsinə ucaldılmış bulaq - abidə kompleksinin açılış mərasimi olub.
"Report"un yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bulaq- abidənin açılış mərasimində bildirilib ki, I və II Qarabağ müharibələrində şərurlular da fəal iştirak edib, qəhrəmancasına vuruşaraq 102 şəhid veriblər. Siyaqut kəndinin vətənpərvər övladları, şəhid leytenant Səfərov Şahmar Nazim oğlu və əsgər Səfərov Cəsarət Xaliq oğlu da ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətlərlə seçiliblər.
Onlar ölkə başçısı İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif ediliblər.
Diqqətə çatdırılıb ki, bulaq-xatirə kompleksinin açılışı əlamətdar bir vaxta - şəhid leytenant Şahmar Səfərovun doğum gününə təsadüf edir. 1997-ci ilin sentyabrın 1-də Siyaqut kəndində dünyaya göz açan Şahmar 2020-ci ilin sentyabrında şəhidlik zirvəsinə ucalıb.
Sonra şəhid Cəsarət Səfərovun atası Xaliq Səfərov və şəhid Şahmar Səfərovun anası Pakizə Səfərova Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs edib, şəhid valideyni olmaqdan qürur duyduqlarını bildiriblər.
Sonra bulaq- abidənin açılışı olub. Tədbirdə məktəblilər Vətənə və şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb.