Yuxarı

Səlim Müslümov manatın məzənnəsinin dəyişməsi ilə bağlı işçilərinə təcili tədqiqat aparmaları üçün tapşırıqlar verib

​ƏƏSMN-də Məlumat mübadiləsi saatının növbəti iclası keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı"nın tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, məşğulluq siyasəti sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərində aparılan işlərə dair növbəti iclası keçirilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışı zamanı deyib ki, ötən il Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminin hazırlanması əlillik müayinəsi və onun nəticələri barədə məlumatların ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyaları (TSEK) ilə digər qurumlar arasında kağız daşıyıcılara son qoyulmaqla, elektron şəkildə mübadiləsinə imkan verib: "Həmin sistem əlillik təyinatının tam avtomatlaşdırılmasına və bu sahədə məmur-vətəndaş təmaslarını minimallaşdırmağa yönəlib. Artıq cari ilin əvvəlindən TSEK-lər tərəfindən əlillik müayinələri məhz elektron göndəriş formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi, ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər görülür".

S.Müslümov bununla yanaşı, tibbi-sosial ekspertiza xidmətinə daim ciddi nəzarət olunduğunu, ötən il ilkin əlillik təyin olunanların 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin 3937 nəfər azaldığını qeyd edib: "Ötən il həmçinin ilkin əlillik təyin olunanlar arasında ağır dərəcəli əlillərin xüsusi çəkisi də 82,1 faizdən 79,9 faizə düşməklə 6983 nəfər azalıb. Bu müddətdə tam reabilitasiya olunanlar 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanlar isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib. Başqa sözlə, tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib". 

İclasda həmçinin əhalinin sosial müdafiəsi sisteminin mövcud çağırışlara, xüsusilə də valyuta kurslarının dəyişilməsi səbəbindən inflyasiya gözləntilərinin yarana biləcəyi şəraitdə adekvat cavab verə bilməsi üçün gərəkən tədbirlər müzakirə olunub. Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinə bununla bağlı təcili tədqiqatlar aparıb nəticələrini məruzə etmək barədə tapşırıqlar verilib.

ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayevin, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı sektorunun müdiri Fuad Mehdizadənin məlumatları dinlənilib, verilən məlumatlar əsasında müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi