Yuxarı
    Bağlamaq

    Səlim Müslümov BMT-nin Əhali Fondunun regional direktoru ilə görüşüb

    Nazir: Azərbaycanda uşaq doğumunda gender disproporsiyası mövcuddur

    Bakı. 7 iyun. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüşüb.

    Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  

    S.Müslümov respublikada əldə olunan dayanıqlı inkişafın ölkədə demoqrafiya və əhali sakinliyi sahəsində də müsbət proseslərə şərait yaratdığını vurğulayıb: “Əhalinin sabit artım tempinə malik olan Azərbaycanda ötən il respublika əhalisinin sayı 112,6 min nəfər, cari ilin ilk rübündə isə 24,9 min nəfər artaraq aprel ayının 1-i vəziyyətinə 9730,5 min nəfərə çatıb. Əhalinin 1,2 faizlik illik artım göstəricisinə görə Avropa məkanında ilk yeri tutan ölkəmizdə doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir. Ermənistanın Azərbaycana hərbi təcavüzü 1992-1994-cü illərdə ölkəmizdə ölüm səviyyəsinin artmasına səbəb olsa da, atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalmağa başlayıb və 2015-ci ildə əhalinin hər 1 000 nəfərinə ölənlərin sayı 5,7-yə enib. Gözlənilən ömür uzunluğu göstəricisi isə ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatıb”.

    Nazir müsbət miqrasiya saldosunun növbəti təsdiqi kimi Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayının gedənlərin sayını ötən il 70 faizədək, bu ilin ilk rübündə isə iki dəfəyə yaxın üstələdiyini bildirib: “Demoqrafiya və əhali sakinliyi sahəsində Azərbaycan məqsədyönlü siyasətə malikdir. Bu siyasətin hazırlanması və icrasında BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlıq mövcuddur. Təşkilatın hələ 1994-cü ildə Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsipləri ölkənin demoqrafik siyasətində daim diqqətdə saxlanır”.

    S.Müslümov bildirib ki, 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası”, 2004-cü ildə isə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunaraq uğurla icra edilib: “Hazırda isə demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətlərini, həyata keçirilməsi zəruri olan tədbirləri özündə əhatə edən yeni “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2016-2025-ci illər)” layihəsi hazırlanıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla hazırlanan layihə aidiyyəti qurumların təklifləri də nəzərə alınaraq, eyni zamanda geniş ictimai müzakirə şəraitində təkmilləşdirilərək Nazirlər Kabinetinə təqdim olunub”. 

    O, “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinə də toxunub, layihədə əhatə olunacaq prioritetlər barədə məlumat verib. Nazir BMT-nin Əhali Fondu ilə səmərəli əməkdaşlığın davamı kimi təşkilat tərəfindən əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramının layihəsinin ekspert qiymətləndirilməsi üçün göstərilən dəstəyi yüksək dəyərləndirib. 

    S.Müslümov əməkdaşlığın layihədə nəzərə tutulan fəaliyyət istiqamətləri, o cümlədən ölkədə doğulan uşaqların cins nisbətinin pozulması hallarının qarşısının alınması üçün Milli Fəaliyyət Planının hazırlanması sahəsində davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb: “Ölkəmizdə uşaq doğumunda gender disproporsiyası mövcuddur ki, bu da gələcək demoqrafik inkişafa mane olan amillərdən biridir. Belə ki, 2015-ci ildə doğulan oğlan uşaqlarının sayının qızlara nisbətinin dinamikasında 116/100 nisbəti müşahidə olunub. Cari ilin yanvar-mart ayları ərzində bu nisbət 114/100-ə enib. Bu dövrdə doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və s. tədbirlər gerçəkləşdirilə bilər”.

    Nazir habelə reproduktiv sağlamlıq və ailə planlaşdırılması, yeni Məşğulluq Strategiyasının hazırlanması və s. sahələrdə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

    K.Kulessa Azərbaycanda əhali sakinliyi və demoqrafiyanın inkişafı sahəsində müsbət meyllərin məmnunluq doğurduğunu bildirib. O, qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqramının bu sahədə strateji hədəflərə nail olunmasında mühüm rol oynayacağına ümidvar olduğunu qeyd edib. K.Kulessa BMT Əhali Fondunun bu sahədə, habelə yeni Məşğulluq Konsepsiyasının (2016-2025) hazırlanması işlərində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.

    Görüşdə “Azərbaycan Respublikasında əhali sakinliyinin və demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı (2016-2025-ci illər)”nın layihəsi, doğulan uşaqların cins nisbətinin pozulmasının qarşısının alınması üçün Milli Fəaliyyət Planının hazırlanması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələlərinə dair dinin (İslam) roluna əsaslanan hüquqi və siyasi çərçivəsinin formalaşdırılması məsələləri nəzərdən keçirilib. Həmçinin, “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işlərindən bəhs olunub. Qeyd olunan sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi