Yuxarı

Səlim Müslümov: "Biz zamanında həyəcan təbili çalırdıq"

Səlim Müslümov: "Biz zamanında həyəcan təbili çalırdıq"
Nazir: “Əsas məqsədimiz hər bir insanın işlə təmin olunması və ailəsinə baxa bilməsinin təmin edilməsidir”
© Report

İstanbul. 5 oktyabr. REPORT.AZ/ “Əsas məqsədimiz hər bir insanın əmək bazarında iş tapması və onun öz əmək qabiliyyətini reallaşdırmaq yolu ilə özünə və ailəsinə layiqli gəlirlə müasir tələblər səviyyəsində baxa bilmələrinin təmin olunmasıdır”.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) İstanbulda keçirilən 10-cu Avropa regional konfransında iştirak etmək üçün bu şəhərdə səfərdə olan nazir bildirib ki, məşğulluq məsələsi son dərəcə vacib problem kimi ortaya qoyulur və ayrı-ayrı ölkələrdə onların xüsusiyyətlərinə uyğun həll edilir: “Sürətli inkişaf yolu keçən Azərbaycanda son illər iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, xüsusilə iqtisadiyyatın aparıcı sektorlarına çevrilmə yolunda olan kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları sahələrində çoxsaylı iş yerlərinin açılması və burda çalışan insanların gəlir əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində böyük tədbirlər həyata keçirilir. Bunlardan biri də Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən özünüməşğulluq proqramlarıdır. Özünüməşğulluq proqramlarında Azərbaycanın bu məsələyə baxışı və onu tətbiqetmə formaları Beynəlxalq Əmək Təşkilatı tərəfindən yüksək qiymətləndirilərək region ölkələri üçün nümunəvi bir model, metod kimi göstərilib”.

S.Müslümov qeyd edib ki, gənclərin əmək bazarında layiqli yer tutması və onlar arasında işsizliyin azaldılması istiqamətində hökumətin atdığı addımlar təqdirəlayiqdir: “Avropa İttifaqı ölkələrində 14-29 yaşlı gənclər arasında işsizliyin səviyyəsi xeyli yüksəkdir. Bizim ölkədə isə bu rəqəm 10 faizdən azdır. Ona görə də Azərbaycanda bu istiqamətdə görülən işlər Avropa və Mərkəzi Asiya regionu üçün maraqlıdır. Bununla yanaşı, gənclərin peşə təhsilinin, orta ixtisas və ali təhsilinin sürətlə inkişaf etdirilməsi və bu təhsil növlərinin əmək bazarı ilə birbaşa uzlaşdırılması bu gün günəmdə duran əsas məsələlədən biridir. Hər bir dövlətin təhsil sistemi ilk növbədə əmək bazarında formalaşan tələblərə uyğun iş qabiliyyətinə malik mütəxəssislər hazırlamaq və əmək bazarına çıxarmaqdan ibarət olmalıdır. Bu məsələ bu gün Avropa regional konfransında müzakirə olunan əhəmiyyətli məsələlərdəndir”.

Məşğulluqla bağlı İstanbulda aparılan müzakirələrin əhəmiyyətinə toxunan nazir əlavə edib ki, toplantının əsas mövzusu məcburi köçkün və qaçqınların əmək bazarında yerləşdirilməsi, onların problemləri və bunun həlli yollarının tapılması olub: “Bu məsələ son dərəcə vacibdir, çünki bu gün dünyada məcburi köçkün və qaçqınların sayı sürətlə artır. Suriyada, İraqda, eləcə də son vaxtlar Miyanmada baş verən hadisələr buna bariz nümundədir. Bu hadisələr illər öncə Azərbaycanda da yaşanmışdı. Biz zamanında həyəcan təbili çalırdıq. Azərbaycan tək başına öz yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın insanı yerləşdirdi və onların əmək bazarına çıxışını təmin etdi, normal işlə təmin olunmaları üçün şərait yaratdı. Biz bu sınaqdan uğurla çıxdıq və bu, təcrübəni nazirlər səviyyəsində keçirilən tədbirlərdə də bölüşdük”.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi