Yuxarı
    Bağlamaq

    ​Səlim Müslümov: "Azərbaycanda yeni Məşğulluq Konsepsiyası hazırlanır"

    Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29 yaşlı gənclərdir

    Bakı. 3 sentyabr. REPORT.AZ/ "Azərbaycanda yeni Məşğulluq Konsepsiyası hazırlanır". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ankarada G20 qrupu ölkələrinin əmək və məşğulluq nazirlərinin toplantısında çıxışı zamanı deyib.

    O bildirib ki, Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsinin 9,7% olmaqla digər ölkələrlə müqayisədə xeyli aşağıdır: "Məhz bu səbəbdən, Azərbaycan gənclərin məşğulluq problemlərinin həlli üzrə dünyada 10 lider ölkə sırasına daxil edilib: “Azərbaycan hökumətinin əsas səyləri dayanıqlı iqtisadi artıma və əhalinin sosial rifahının yüksəldilməsinə, xüsusilə əlilliyi olan şəxslərin, ahılların, qaçqın və məcburi köçkünlərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin potensial imkanlarından tam istifadəsi üçün əmək bazarına açıq, inklüziv və bərabər hüquqlu çıxış imkanlarının yaradılmasına yönəldilib. Ölkədə məşğulluq siyasəti daim təkmilləşdirilir. Hazırda mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün yeni Məşğulluq Konsepsiyası hazırlanır".

    Səlim Müslümov deyib ki, müasir infrastruktur və çoxsaylı enerji layihələrinin icrası, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun və regionların, sahibkarlığın inkişafı sahəsində əldə olunan nailiyyətlərin ölkədə dayanıqlı iqtisadi artım üçün möhkəm təməl yaratdığını diqqətə çatdırıb: " 2004-cü ildə Cənubi Qafqaz iqtisadiyyatının yarısının, 2014-cü ilin sonunda isə 75%-nin Azərbaycanın payına düşdüyünü qeyd edən nazir bildirib ki, Davos İqtisadi Forumu 2014-cü il üçün hesabatında Azərbaycanı iqtisadiyyatın rəqabətə davamlılığına görə 144 ölkə arasında 38-ci yerə layiq görüb, "Moodys", "Fitch Ratings", "Standart and Poors" kimi reytinq agentlikləri isə ölkəmizin reytinqini davamlı olaraq artırıb".

    Onun sözlərinə görə, son 12 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb: "Bu dövrdə respublikada 1 mln. 400 min yeni iş yeri açılıb, iqtisadiyyata 180 mlrd. dollar investisiya yatırılıb, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olub. Həmçinin əhalinin gəlirləri inflyasiyanı üç dəfədən çox üstələməklə 6,5 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə çoxalıb, işsizlik səviyyəsi 10,6 %-dən 4,9 %-dək, yoxsulluq səviyyəsi 44,7 %-dən 5%-dək azalıb. Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən davam edən işğalı, xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan 1 milyondan artıq qaçqın və məcburi köçkünün mövcudluğu işsizliyin və yoxsulluğun səviyyəsini, eləcə də ölkə iqtisadiyyatının sosial yükünü artırmaqla bərabər, həm də iqtisadi artımı yavaşıdır".

    Səlim Müslümov, həmçinin qeyd edib ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir: "Hazırda Azərbaycan əhalisinin 28,5 faizi 15-29 yaşlı gənclərdir. 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi