Bakı. 9 oktyabr. REPORT.AZ/
S.Müslümov dünyada yaşanan siyasi-iqtisadi böhran proseslərinə baxmayaraq, Azərbaycanda dinamik iqtisadi inkişafın davam etdiyini vurğulayıb. Nazir son 12 ildə milli iqtisadiyyatda 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,6 dəfə artımın əldə edildiyini, ölkənin artıq Cənubi Qafqaz iqtisadiyyatının 75%-nə malik olduğunu, bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycanın dünya miqyasında ön sıralarda olduğunu diqqətə çatdırıb: “Məhz ölkə iqtidarının sosialyönümlü siyasəti qeyd olunan dövrdə əhalinin gəlirlərinin inflyasiyanı üç dəfədən çox üstələyərək 6,5 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfə artmasına, 1 mln. 400 mindən çox yeni iş yerinin açılmasına imkan verib. Bu proseslər Azərbaycanda işsizliyin ümumən Avropa məkanındakı 11,5 faizlik göstəricidən xeyli aşağı - 4,9 %-dək enməsinə, yoxsulluğun isə ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı -5%-dək azalmasına səbəb olub”.
S.Müslümov ölkədə demoqrafik vəziyyətin sabit, miqrasiya saldosunun müsbət olduğunu, sosial məqsədlər üçün ayrılan dövlət vəsaitlərinin ilbəil artırıldığını, gələn ilin dövlət büdcəsinin də sosialyönümlü olacağını qeyd edib, Azərbaycanda bütün sosial proqramların yüksələn xətlə davam etdirildiyini bildirib: “Xüsusi proqramlar çərçivəsində dövlət hesabına 4,6 minə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilib. Yaxın bir neçə ildə daha 5 mindən çox belə şəxsə mənzil veriləcək. Həmçinin imtiyazlı təbəqələrdən olan 5550 nəfərə yaxın şəxs dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunub. Onların 31,2 faizinə məhz ötən il və cari ilin keçən dövründə minik avtomobili verilib. Respublika əhalisinin təqribən 4,1 faizinə, yəni 400 mindən çox insana sosial müavinət ödənilir. Həmçinin 53,5 minədək imtiyazlı şəxs Prezidentin təqaüdləri, 1,3 milyonadək insan əmək pensiyası, 500 mindən çox insan ünvanlı sosial yardımla, 5,5 mindən çox şəxs sosial xidmətlə və s. təmin olunur. Ölkədə əhalinin təqribən 22 faizdən çox hissəsi bu gün sosial təminat sistemi ilə əhatə edilib”.
S.Müslümov bildirib ki, İsraillə Azərbaycan arasında daim güclənən əlaqələr iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır.
D.Stav ölkəsinin sabitlik və tolerantlıq məkanı olan Azərbaycanla əməkdaşlığının daim inkişaf etməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanda bütün sahələrdə olduğu kimi, əmək və sosial təminat sistemində aparılan uğurlu işlərin də onda böyük maraq doğurduğunu bildirib. D.Stav Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında bu sahədə də əməkdaşlıq üçün səylər göstərəcəyini vurğulayıb. Görüşdə Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.