Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Samux, Şəki, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Balakən və Zərdab rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil və fərdi yaşayış evi təqdim olunub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, bu məqsədlə Tərtər rayonunda fərdi evlərin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər.
Bildirilib ki, Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən genişmiqyaslı sosial dəstək tədbirləri davam etdirilir. Qeyd edilib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı da bu tədbirlərin mühüm tərkib hissəsidir.
Beləliklə, Tərtərdə Qarabağ müharibəsi zamanı sağlamlığını itirən 5 nəfər müharibə əlili fərdi yaşayış evinin ordenləri təqdim edilib.
Təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, ümumilikdə ötən dövrdə isə 13 300 mənzil və fərdi ev verilib.
Yeni evlərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.