Saqqız aludəçisi: “Yapışdırdığım yerləri bilirəm, lazım gələndə qopardıb çeynəyirəm” - ARAŞDIRMA

Saqqız aludəçisi: “Yapışdırdığım yerləri bilirəm, lazım gələndə qopardıb çeynəyirəm” - ARAŞDIRMA Bakı. 6 iyul. REPORT.AZ/ Saqqız çeynəyənlərin bir qismi bilərəkdən saqqızı nəqliyyatda oturacaqlara, tutacaqlara yapışdırmağı nədənsə sevirlər. Gəzdiyimiz küçələr, parklar, yeməkxanalar istifadə olunmuş saqqızla doludur. Bir yerə yapışdısa, yaxa qurtarmaq mümkün olmur.
Sosial müdafiə
6 İyul , 2018 15:54
Saqqız aludəçisi: “Yapışdırdığım yerləri bilirəm, lazım gələndə qopardıb çeynəyirəm” - ARAŞDIRMA
Report
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Saqqız çeynəyənlərin bir qismi bilərəkdən saqqızı nəqliyyatda oturacaqlara, tutacaqlara yapışdırmağı nədənsə sevirlər. Gəzdiyimiz küçələr, parklar, yeməkxanalar istifadə olunmuş saqqızla doludur. Bir yerə yapışdısa, yaxa qurtarmaq mümkün olmur.

"Report" saqqız aludəçiliyinin səbəblərini araşdırıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Bəhruz Məmmədxanlı "Report"un əməkdaşı ilə söhbətində saqqızdan əsəbini sakitləşdirmək üçün istifadə etdiyini bildirib: “Saqqızın dadı gedəndə onu çeynədikcə əsəblərim pozulur. Üstəgəl, udanda mədəmə ziyan edir. Ən azından saqqızı oturacağın altına yapışdırıram. Saqqız yapışdırdığım yerləri bilirəm, birdən elə vaxtda lazım olur ki, qopardıb çeynəyirəm. Saçım çoxdur deyə, qulağımın arxasına yapışdıra bilmirəm. Onu da edərdim. Yəni məqsəd başqasına ziyan vurmaq yox, özümə ziyan vurmamaqdır. Zibil qabına atdığım vaxtlar da var, amma çox az olur. Əlim gəlmir birdən zibil qabına atmağa, o boyda ağzımda hərləmişəm, yaxşı deyil”.

Kulturoloq Aydın Xan Əbilov "Report"a açıqlamasında inkişaf etmiş ölkələrdə ictimai qınaq , sosial reklam vasitəsilə bu problemin qismən aradan qaldırıldığını söyləyib: “Amma saqqız problemi Azərbaycan cəmiyyətində gigiyenik bir hadisəyə çevrilib, nəyinki saqqızı, yediyi tumu, yemək qalıqlarını, siqaret kötüyünü hara gəldi atır və bu dolayı yolla özlərinə qayıdır. Bu problem əslində saqqız istehsal ediləndən bu yana həmişə insanları düşündürüb. Bir çox cəmiyyətlərdə bununla bağlı böyük maarifçilik, ictimai qınaq kampaniyaları aparılıb. Saqqız çox gec əriyir və yapışqan xüsusiyyətidir. Onu ictimai nəqliyyatda, dayanacaqda, oturacaqlarda yapışdırdıqda kimsənin paltarına və ya insanın saçına yapışır. Bundan yaxa qurtarmaq üçün sosial reklamdan istifadə edilib”.

Kulturoloq ictimai qınağın təsir göstərmədiyi halda, böyük cərimə və qanunun sərtləşdirilməsi ilə problemin həllinin mümkünlüyünü bildirib: “Sinqapurda saqqızı zibil qutusuna yox, yerə atmaq, harasa yapışdırmaq ilk dəfə 800 dollara qədər cərimə ilə nəticələnə bilər. İkinci dəfə qanunu pozmaq 1500 dollar cərimədir. 3-cü halda isə azadlıqdan məhrum olma və yaxud inzibati cəza işləri ilə cəzalanmaq mümkündür. Saqqız həm xəstəlik mənbəyi, həm də estetik cəhətdən şəhərin gözəlliyini məhv edən bir məhsuldur. Saqqızla bağlı müxtəlif foto və videolar yayılıb, milli parkda qadınlar zəhmət çəkib təmizləyirlər. Ancaq sərf etdikləri bu əməyi şəhərin digər küçələrini süpürməklə, başqa işlər görməklə də edə bilərlər. İnsan dərk etməlidir ki, saqqızı çeynədikdən sonra onu zibil yeşiyinə atmaq lazımdır. Bu bir mədəniyyət formasıdır, Saqqız həm də bəzi quşların qidasına çevrilir, yem kimi udulur. Nəticədə quşların mədəsində problem yaranır, tələf olmasına gətirib çıxarır”.

Heyvanların Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev saqqız mədəniyyətinin tam formalaşmadadığı qənaətindədir: “Hər bir tullantı, qeyri orqanik, çürüməyən kimyəvi maddə, saqqız da həmçinin ətraf mühitə böyük problem gətirir. Tullantıları nəinki quşlar, digər canlılar yeyəndə belə, ona problem yarana bilər. Quşlar yuxarıdan atılan saqqızı qida, hər hansısa bir bitki zənn edib götürür, sonda tələf olurlar. Bu problem hər yerdə var, Azərbaycanda da mövcuddur. Həm də zibil qutusu tapılmır. Mən özüm dəfələrlə zibili kənara atmaq üçün məcbur qalıb özümlə Mərdəkandan şəhərə gətirirəm, çünki zibil qutusu yoxdur. Alimlər, xüsusən də psixoloqlar belə bir nəticəyə gəliblər ki, 200 metrdən sonra tullantını atmaq üçün bir mənbə tapmayanda, mütləq zibil yerə atılır. Bu psixologiyadır. Buna görə də şəhər kommunal təsərrüfat idarəsi bu məsələyə ciddi yanaşmalıdır. Zibil qutularının sayı artırılmalıdır”.

Psixoloq İlkin Kazımlı saqqız problemini düzgün tərbiyənin olmaması ilə əlaqələndirib: “Bizim cəmiyyətdə ən çox rast gəlinən problemlərdən biri də insanların ətrafı çirkləndirmələri və cəmiyyətə qarşı olan laqeyd yanaşmadır. Cəmiyyət hamınındır, niyə kimsə öz yaşadığı şəhəri çirkləndirməlidir? İnsan ətrafına daha çox önəm vermədiyi üçün yediyi, içdiyi qabları zibil qutusuna yox, küçəyə atır. Bu tip hərəkətlərin əsas yaranma səbəbi uşaqlıq dövründən valideynlərin öz övladlarına düzgün tərbiyə verməməsidir. Uşağa ilk öncə valideyn nəyi necə etmək kimi vəziyyətləri öyrətməlidir. Düzgün tərbiyənin əsas təməli uşağa öyrədilən etiket və cəmiyyətdə normal davranma qaydalarıdır. Tutaq ki, valideyn etiket qaydalarını öyrətmədi, bəs həmin insan böyüyüb özü analiz edə bilməzmi? Bəli, insan valideyndən savayı özü də analiz edə bilər, düşünə bilər”.

Psixoloqun fikrincə, cəmiyyətdə düşüncəsiz, məntiqsiz hərəkət edən insan da az deyil: ”Belə insan ətrafdakıları yox, sırf öz mənafeyini güdür. Məsələn, kimsə parkda su içir və 10 metr irəlidə zibil qutusu var, lakin suyun qabını zibil qutusuna yox, yerə atır. Bunun səbəbi sırf həmin insanın öz mənafeyini güdməsi, yəni oranı yığışdıran insanı düşünməməsi, ətrafdakıların rahatlağını pozması, ətrafı çirkləndirməsi və tənbəllik kimi qiymətləndirmək olar. Ən acınacaqlısı odur ki, həmin şəxslər cəmiyyətdə davrandıqları kimi öz evlərində davranmayacaqlar. Çünki cəmiyyətin çirklənməsi onları maraqlandırmır və həmin insanlar parklarda, küçələrdə işləyən yaşlı insanların daha çox əziyyət çəkəcəyini düşünmürlər. Bu kimi halların yaranma səbəbləri ən çox valideynlərin uşaqlıq yaş dövründə düzgün tərbiyə verməməsi, tələskənlik, səbirsizlik, analiz etmə qabiliyyətinin aşağılığı, empatiya qurma hissinin zəifliyi və mədəni sferanın kasadlığı kimi vəziyyətlərdir”.

Saqqız qadağaları dünyanın bir sıra ölkəsində var. Məsələn, Sinqapurda saqqız çeynəmək qadağandır. Qanunu pozanlara cərimə tətbiq edilir. Tailandda küçəyə çeynənilmiş saqqız atan şəxsi 600 dollar cərimə gözləyir. Cəriməni ödəməyənlər həbs edilir. Rusiyanın bəzi şirkətləri işdə saqqız çeynəyən işçiləri cərimələyir. Ayaqqabı və geyim dükanında satıcı heç bir halda saqqız çeynəyə bilməz. İtaliyada zibil qutusunun yanında yerə atılan saqqıza görə 30 avrodan 150 avroya qədər cərimə tətbiq edilə bilər. Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışlarının birində “saqqız cinayətkarlarını” sərt şəkildə cəzalandırmağı təklif etmişdi. Prezident saqqızı ora-bura yapışdıran şəxsləri 3 sutka həbs etməyi məsləhət bilmişdi.

Hətta paytaxt Bakıda da belə saqqız qadağası tətbiq olunub. Belə ki, “Laçın” Ticarət Mərkəzində saqqızı çeynəyib yerə atanları 50 manat cərimə gözləyir. Mərkəzin administrasiyası “Laçın”ın ərazisində xəbərdarlıq lövhələri də asıb.

Taleh Taryeloğlu

Son xəbərlər

Orphus sistemi