Şamaxıda yol problemi: Aşıq Məmmədağa küçəsinin sakinləri çətin durumdadır

Şamaxıda yol problemi: Aşıq Məmmədağa küçəsinin sakinləri çətin durumdadır Şamaxının mərkəzi küçələrindən olan Aşıq Məmmədağa küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayətlənirlər.
Sosial müdafiə
14 Dekabr , 2023 12:38
Şamaxıda yol problemi: Aşıq Məmmədağa küçəsinin sakinləri çətin durumdadır

Şamaxının mərkəzi küçələrindən olan Aşıq Məmmədağa küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmasından şikayətlənirlər.

Sözügedən küçənin "Döngə 2" ünvanında yaşayan sakinlər "Report"un Yuxarı Şirvan bürosuna bildiriblər ki, uzunluğu cəmi 200-250 metr olan küçəyə bu günə kimi bir dəfə də olsun asfalt çəkilməyib. Onların sözlərinə görə, yolun keçilməz olması səbəbindən bu küçəyə istər təcili yardım maşınları, istərsə də digər avtomobillər girə bilmirlər. Taksi sürücüləri vəziyyətdən istifadə edərək 2 manatlıq yolu 5 manata gəlirlər.

Sakinlər qeyd ediblər ki, qış aylarında küçədə hərəkət etmək ümumiyyətlə mümkün deyil. Yağış və qar yağdıqda böyüklər işə, uşaqlar isə məktəbə getməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, Aşıq Məmmədağa küçəsi "Döngə 2"də 15-ə yaxın fərdi ev var. Burada 40-a yaxın sakin yaşayır. Döngənin hər iki tərəfdəki çıxışına asfalt örtüyü salınsa da, bu "Döngə 2" diqqətdən kənarda qalıb.

Sakinlər yolun mövcud vəziyyəti ilə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, nəticə olmayıb, "döngə dardır, orada texnika işləyə bilmir" cavabını alıblar.

Küçənin mövcud durumu ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsindən “Report”un yerli bürosuna bildirilib ki, vəziyyət barədə məlumatlıdırlar.

"Müraciətinizə cavab olaraq bildiririk ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şamaxı rayonunda şəhərdaxili yolların əsaslı təmir olunması işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir. Dövlət Proqramı çərçivəsində bütün şəhərdaxili yolların əsaslı təmiri, o cümlədən qeyd olunan küçədə asfaltlaşma işlərinin aparılması mərhələli şəkildə həyata keçiriləcəkdir", - İcra strukturundan vurğulanıb.

Son xəbərlər

Orphus sistemi