"Son 3 ildə Azərbaycanda sosial ödənişlər 60%, o cümlədən pensiya xərcləri 48%, müavinət xərcləri 2,5 dəfə, təqaüd xərcləri isə 4,4 dəfə artıb".
“Report”un məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Bununla belə, nazir deyib ki, saxta yolla pensiya və müavinət düzəldən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir: "Buna şərait yaradan vəzifəli şəxslərlə bağlı 280 cinayət işi açılıb və onlar işdən qovulub. Əsassız pensiyaların ləğvi nəticəsində 2018-ci ildə 25,6 milyon manat, 2019-cu ildə 133,1 milyon manat, 2020-ci ildə 246,5 milyon manat, 2021-ci ilin 10 ayında 496,3 milyon manat mənimsənilməsinin qarşısı alınıb. Ümumilikdə 606 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb”.
"Dövlət sosial islahatlarını davam etdirəcək. Ötən il məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 610 milyon manat vəsait ayrılıb. Bu vəsait 4,8 milyon nəfəri əhatə edib. Postmüharibə dövründə isə 33 min nəfərə 41 min sosial xidmət göstərilib", - deyə nazir əlavə edib.