Yuxarı

Sahil Babayev əlillər üçün müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradılmasını tapşırıb

Sahil Babayev əlillər üçün müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradılmasını tapşırıb
Nazir bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb

Bakı. 19 may. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında olub.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa müalicə infrastrukturunun təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun əsas istiqamətlərindən biridir. Bu sahədə aparılan işlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Mərkəzə gələn S.Babayev burada əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə aparılan işlərlə yaxından tanış olub.

Nazir müəssisədə bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib. Əlilliyi olan şəxslər onlar üçün müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılmasına, onların sağlamlığının bərpasına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

S.Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2017-ci il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində hazırda yüksək texnologiyalı protezlərin hazırlanması sexi yaradılır. S.Babayev Mərkəzə gələrək, yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması işlərini nəzərdən keçirib.

Sexdə müasir tələblərə uyğun şərait yaradılmaqla, dünyanın qabaqcıl şirkətlərinin son texnologiyalar əsasında istehsal etdikləri avadanlıqlar alınaraq quraşdırılıb. Hazırda sexin yaradılması işləri artıq tamamlanmaq üzrədir. Nazir Mərkəzin istehsal sahəsi, burada protez-ortopedik məmulat və reabilitasiya vasitələrinin hazırlanması prosesi ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.

S.Babayev Nazirliyin Mərdəkan Müalicə Pansionatında olarkən müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işlərinin daha keyfiyyətlə yerinə yetirilməsini, əlilliyi olan insanlar üçün müasir standartlar səviyyəsində reabilitasiya şəraitinin yaradılmasını tapşırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi