"465 min yeni əmək müqaviləsinin cəmi 100 mini dövlət müəssisələrinə aiddir, qalanı isə özəldir. Odur ki, yeni açılan iş yerlərinin 75 faizi özəldir və leqallaşan iş yerləridir".
"Report" xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu tendensiya davam etməlidir, özəl sektor önə çıxmalıdır: "Məşğul şəxslərin cəmi 35-36 faizi muzdla işləyənlərdir. Bunu da gələcəkdə artırmalıyıq. Çox nadir ölkələrdə muzdlu şəxslər məşğul şəxslərin 100 faizi olur. Heç 100 faizlə rastlaşdığımız ölkə yoxdur. İnanıram ki, Azərbaycanda növbəti 5 illiyin sonunda muzdlu şəxslərin payı məşğul şəxslərin içərisində ən azı 42-45 faizə çata bilər. Bunun üzərində iş aparılmalıdır. Leqallaşma genişləndikcə bu say da artacaq".