Sağlamlıq imkanları məhdud uşaqlar Türkiyəyə müalicəyə göndəriləcəklər

Sağlamlıq imkanları məhdud uşaqlar Türkiyəyə müalicəyə göndəriləcəklər ƏƏSMN daha 29 nəfər əlilliyi olan şəxsi Türkiyəyə yola salıb
Sosial müdafiə
1 İyun , 2015 10:38
Sağlamlıq imkanları məhdud uşaqlar Türkiyəyə müalicəyə göndəriləcəklər

Bakı. 1 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 29 nəfər əlilliyi olan şəxsi Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində təbii müalicəvi resurslardan istifadə olunmaqla, bərpa-müalicə kursu keçəcəklər.

Məlumatda qeyd olunub ki, son iki ayda artıq 115 nəfərdən çox əlilliyi olan şəxsin xaricə bərpa müalicəsinə göndərilməsi təmin edilib.

ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Nobel Tibb Mərkəzində Dənizli bölgəsinin zəngin müalicəvi təbii resurslarından, innovativ texnologiyalardan istifadə edilməklə yüksək səviyyəli həkim-reabilitoloqlar tərəfindən səmərəli fizioterapevtik bərpa-müalicə üsullarının tətbiq edildiyini bildirib: "Burada hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və başqa növlərdə müalicə kursları aparılır və bu kurslar ən çətin sağalan bir sıra xəstəliklərin, o cümlədən xroniki xəstəliklərin müalicəsində effekt verir".

Şöbə müdiri qeyd edib ki, mərkəzə göndərilən əlilliyi olan şəxslər orada 5 ulduz hoteldə yerləşdirilirlər. Onlara bütün müvafiq xidmətlər göstərilir. Nazirliyin həkimi də Türkiyəyə ezam olunur və həm əlilliyi olan şəxslərə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət edir, həm də oradakı reabilitasiya təcrübəsini öyrənir: "Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili diqqətdə saxlanır. İyun ayında nazirlik ixtisaslaşmış bərpa müalicəsinə ehtiyac duyulan sağlamlıq imkanları məhdud uşaqların da Türkiyədəki Nobel Tibb Mərkəzinə göndərilməsinə başlayacaq. Bu il valideynlərindən birinin müşayiəti ilə 75 nəfər belə uşağın həmin mərkəzə göndərilməsi təmin ediləcək". 

S.Abdullayev ötən illə müqayisədə bu il 20 faizədək çox əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə bərpa-müalicəsinin təşkilinin nəzərdə tutulduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi