Yuxarı
    Bağlamaq

    Sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edən tədbir keçirilib

    Gənclər Azərbaycan film və tamaşalarından ayrı-ayrı səhnələri ifa ediblər

    Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edən tədbir keçirilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, tədbirin açılışında ƏƏSMN-nin əməkdaşları, əlil ictimai birliklərinin nümayəndələri, sənətsevərlər iştirak edib. Qeyd olunub ki, bu konsert-tamaşanın təşkilində məqsəd sağlamlıq imkanları məhdud gənclərin bu və ya digər sənət növündə öz bacarıqlarını nümayiş etdirməsi üçün fiziki məhdudiyyətin mane olmadığını diqqətə çatdırmaqdır. Belə tədbirlər nəticə etibarilə həmin gənclərin yaradıcılıq imkanlarının cəmiyyətə təqdim edilməsi və təbliğinə, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edir.

    Mərkəzin və Azərbaycan Gənclər Fondunun birgə keçirdiyi konsert-tamaşada sağlamlıq imkanları məhdud gənclər Azərbaycan film və tamaşalarından ayrı-ayrı səhnələri ifa ediblər. Onların "Babək" və "Bəxtiyar" filmlərindən, "Molla Cəbi" tamasından təqdim etdikləri səhnələr, canlandırdıqları obrazlar tədbir iştirakçıları maraqla qarşılayıb.

    Qeyd edək ki, müasir tələblərə uyğun şəraitin yaradıldığı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində kompyuter istifadəçisi, bərbər, aşbaz, dərzi, rəssamlıq, xalçaçılıq, ağac üzərində oyma, toxuculuq və s. kimi peşələr üzrə peşə hazırlığı kursları təşkil olunur. Bu ilin yanvar-iyul aylarında mərkəzə daha 213 nəfər gənc qəbul olunub və burada ümumilikdə 300 nəfərə yaxın gənc peşə təlimi keçib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi