Sağlamlıq imkanları məhdud 25 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salınıb

Sağlamlıq imkanları məhdud 25 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salınıb Son 3 ayda 115 nəfərdən çox əlilliyi olan şəxs Türkiyənin Nobel Tibb Mərkəzinə göndərilib
Sosial müdafiə
13 İyul , 2015 11:04
Sağlamlıq imkanları məhdud 25 uşaq Türkiyəyə bərpa müalicəsinə yola salınıb

Bakı. 13 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sağlamlıq imkanları məhdud olan 25 uşağı valideynlərindən birinin müşayiəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinin əlilliyi olan şəxslərin tibbi reabilitasiyası, bir sıra çətin sağalan xəstəliklərin müalicəsi sahəsində ixtisaslaşmış müəssisə olduğunu vurğulayıb.

O deyib ki, bu ilin aprel ayının əvvəlindən bəri nazirlik 115 nəfərdən çox əlilliyi olan şəxsi və hazırda göndərilən qrup da daxil olmaqla 50 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə, Nobel Tibb Mərkəzinə göndərilməsini təmin edib: "Göndərilən şəxslər həmin mərkəzdə 5 ulduzlu hoteldə yerləşdirilir və Dənizli bölgəsinin müalicəvi təbii potensialından geniş istifadə olunmaqla onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər. Nazirliyin bir nəfər həkim əməkdaşı da həmin ölkəyə ezam olunur ki, göndərilən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara orada göstərilən xidmətin təşkilinə nəzarət etsin, eyni zamanda mərkəzin reabilitasiya təcrübəsini öyrənsin. Nobel Tibb Mərkəzində bərpa-müalicə kursunu başa vuraraq geri dönən insanlar orada aparılan müalicə işlərinin səhhətlərində müsbət dəyişikliklər yaratdığını bildirirlər".

Bu il ümumilikdə 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricə bərpa-müalicəsinə göndərilməsinin nəzərdə tutulduğunu qeyd edən S.Abdullayev bunun ötən ilin müvafiq göstəricisindən 20 faiz çox olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi