Yuxarı

Sağlam Gələcək Mərkəzi “Uğurlu ünsiyyətin sirləri” mövzusunda seminar keçirib

Sağlam Gələcək Mərkəzi “Uğurlu ünsiyyətin sirləri” mövzusunda seminar keçirib
Direktor: Layihə digər universitetlərdə də davam edəcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Sağlam Gələcək Mərkəzi “Uğurlu ünsiyyətin sirləri” mövzusunda seminar keçirib.

"Report" xəbər verir ki, seminar Odlar Yurdu Universitetində baş tutub. Tədbirdə universitetin tələbələri, müəllimləri iştirak ediblər.

Seminarda ünsiyyətin gündəlik həyatda, təhsil və iş həyatında rolu, özünü ifadə edə bilməmənin həyatda fərdlərə yaratdığı problemlər, ünsiyyətin formalaşmasının yolları barədə müzakirələr aparılıb.

Mərkəzin 4 müəllim-psixoloqu seminarda çıxış edib.

Bakı Slavyan Universitetinin dosenti, Mərkəzin praktik psixoloqu Gülnarə Həsənova qeyd edib ki, bu ilin may ayında yaradılan mərkəzin əsas məqsədi ailə institutunun yaradılması üzrə işdir: "Mərkəz fərdi məsləhətlər, diaqnostik iş, qruplarda iş, təlimlərin, işgüzar oyunların təşkilini həyata keçirir".

Sağlam Gələcək Mərkəzinin təsisçisi, direktoru Orxan Şabanov bildirib ki, müasir dövrün gənclərinin yaxşı ünsiyyət qabiliyyətinə sahib olmağa, özünüifadəni yaxşı bacarmağa böyük ehtiyacları var: "İşə qəbul prosesində ünsiyyət qabiliyyəti, özünü ifadə edə bilmək elmi bilik qədər vacib sayılır. Bu səbəbdən də mükəmməl təhsilə yanaşı, ünsiyyət qurmaq qabiliyyətini də formalaşdırmaq lazımdır".

Direktor bildirib ki, tədbirin təşkilatçısı Sağlam Gələcək Mərkəzi ilə Odlar Yurdu Universitetidir: "Bu layihə yeni başlayıb. Mərkəz bu layihəni davam etdirmək və Azərbaycanın digər universitetlərində həyata keçirməyi planlaşdırır". 

Seminarda eyni zamanda Sağlam Gələcək Mərkəzinin gələcək layihələri, nəzərdə tutduğu tədbirləri barədə iştirakçılara məlumat verilib.

Tədbirdə mərkəzin psixoloqları tələbələrin onlara verdiyi çoxsaylı sualları cavablandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi