Yuxarı
    Bağlamaq

    Sabahdan Səyyar "ASAN xidmət" yanğın baş verən binanın sakinlərinə xidmət göstərəcək

    Səyyar şəkildə göstərilən xidmətləri aidiyyəti dövlət qurumları təqdim edir

    Bakı. 21 may. REPORT.AZ/ Prezident İlham Əliyevin tapşırığına əsasən, Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanan və ya korlanan sakinlərə Səyyar "ASAN xidmət" vasitəsilə xidmət göstəriləcək. Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

    Məlumatda bildirilib ki, səyyar şəkildə göstərilən xidmətləri aidiyyəti dövlət qurumları təqdim edir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər zəruri sənədləşmələr daxildir.

    Xidmətlər mayın 22-dən etibarən baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaratdığı qərargahın yanında səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək. Səyyar "ASAN xidmət"in iş qrafiki isə belədir:

    Həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək,

    Şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi