Yuxarı

Rövşən Rzayev: "Yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacaq"

Rövşən Rzayev: "Yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacaq"
​Dövlət Komitəsinin sədri Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında qəzalı binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Bakı. 11 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxana və inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, R.Rzayev məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub.

Prezident İlham Əliyevin hər zaman qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, onların həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə ölkə başçısı tərəfindən davamlı olaraq böyük işlər görülür.

O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını diqqətə çatdırıb.

Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək.

R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, Nərimanov, Binəqədi və Xətai rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi