Yuxarı
    Bağlamaq

    Ramil Usubov polisdə xidmət etmək istəyən gənclərin sıra baxışını keçirib

    76 nəfərin DİO-ya xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib

    Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün daxili işlər naziri Ramil Usubov Çevik Polis Alayında (ŞPA) Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

    Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb, tövsiyələrini çatdırıb. Ümumən 360 iddiaçının arasından daha hazırlıqlı olan 76 nəfərin daxili işlər orqanlarında (DİO) xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

    Eyni zamanda, nazir daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla bağlı DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin də sıra baxışını keçirib, onların hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 26 gəncin öz fiziki hazırlıqlarını və dünyagörüşlərini artırmaları tövsiyə olunub.

    Tədbirin sonunda nazir Ramil Usubov namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikada sabitliyin dönməzliyin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi