Yuxarı

Ramil Usubov Gəncə Şəhər Baş Polis İdarəsində sıra baxışı keçirəcək

Qeyd olunan rayon polis orqanlarında vakant olan 32 kiçik rəis heyəti və 300 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 16-da saat 10.00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində sıra baxışı keçirəcək.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Bununla yanaşı, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir.

Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 32 kiçik rəis heyəti və 300 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcək.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi