Yuxarı

Qobustanda tikilən Sosial Adaptasiya Mərkəzi bu il istifadəyə veriləcək

Nazirlik tərəfindən penitensiar müəssisələrdən azad edilən 4565 nəfərə birdəfəlik müavinət verilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 4 565 nəfəri birdəfəlik pul müavinəti ilə təmin edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Qeyd olunan şəxslərin sosial adaptasiyası da diqqətdə saxlanılır. Bu məqsədlə hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi inşa olunur. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan mərkəz həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması, onlara müvafiq sahələrdə yardım göstərilməsi və onların sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirəcək.

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də aparılır. Belə ki, ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, ötən il penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər, o cümlədən 32 məhbus qadın peşə hazırlığına cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi