Yuxarı

Qeydiyyatda olan sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində nəzarəti gücləndirib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına nəzarətin gücləndirilməsi uşaqlar arasında sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının da azalması ilə müşahidə olunur. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, bu ilin yanvar-sentyabr aylarında nazirliyin Tibbi-Sosial Ekspert Komissiyalarında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfərə yaxın və ya 35 faizədək azalıb. Bu dövrdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlər sırasında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilənlərin xüsusi çəkisi 35,7 faizdən 23,7 faizə enib. 

Nazirlikdən bildirilib ki, həmin uşaqların bərpa-müalicəsi istiqamətində də müvafiq işlər aparılır. Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 52,1 faiz çox şəxsin, yəni 245 nəfərin xaricdə bərpa müalicəsi təşkil edilib ki, onlardan 130 nəfəri (53%) sağlamlıq imkanları məhdud uşaqlar olub: "Bu da ötən illə müqayisədə 52,9 faiz çoxdur. Həmin uşaqlar valideynlərindən birinin müşayiəti ilə Türkiyə Respublikasının Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə göndərilərək ixtisaslaşmış bərpa müalicəsi kursu keçiblər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi