“Vətən müharibəsi zamanı gülləni ayağımdan çıxartdıraraq xəstəxanada yatmaqdan imtina edib yenidən döyüş yoldaşlarımın yanına qayıtmışam”.
Bunu “Report”a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu, Vətən müharibəsi qazisi Vasif Məlikov deyib.
O qeyd edib ki, 2000-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib:
“Xidmətimin demək olar ki, hamısını XTQ-də olmuşam. Peşəkar döyüşçü olaraq Aprel döyüşlərində iştirak etmişəm. Həmin vaxta qədər isə təxminən 10-dan çox xüsusi əməliyyatlarda düşmənə ciddi zərbələrin vurulmasında rolum olub. Aprel döyüşlərindən sonra Tovuz döyüşlərində də iştirak etmişəm”.
44 günlük Vətən müharibəsinin iştirakçısı döyüş tarixçəsinin sentyabrın 27-dən Murovdağ silsiləsindən başladığını deyir:
“Cəbrayıl rayonunun Cocuq Mərcanlı istiqamətində ön xəttin yarılmasında iştirak etdik. Cəbrayıl, Qubadlı, Xocavənd, Xocalı və bir neçə strateji kəndlərin, eləcə də Qırmızı bazar ətrafındakı yüksəkliklərin, eləcə də Füzulinin azad olunmasında iştirak etmişəm. Cəbrayıl rayonunun Şeybəy kəndində yaralandım. Gülləni ayağımdan çıxartdırıb stasionar yatışdan imtina edərək döyüş yoldaşlarımın yanına qayıdıb Xocalıya qədər döyüşmüşəm. İkinci ağır yaralanma oktyabrın 23-də gecə saatlarında Xocalı rayonunun Xocavəndlə həmsərhəd Çanaqçı kəndində olub. Sol ayağım, əlim və başımdan çoxsaylı qəlpə yarası və ağır dərəcəli kəllə-beyin travması almışam. İki gün yaralı vəziyyətdə döyüşə davam etmişəm. Oktyabrın 25-də yol açıldıqdan sonra təxliyə olunmuşam. Səhhətimdə yaranan problemlə əlaqəli Füzuli Rayon Mərkəzi Xəstəxanasından Gəncə Hərbi Hospitalına aparıblar. Orada müalicəmi tam bitirməmiş yenidən Şuşaya qayıtdım. Mən ora gedəndə şanlı ordumuz artıq Şuşanı işğaldan azad etmişdilər”.
Kəlbəcər, Füzuli, Xocavənd, Cəbrayılın azad olunmasında döyüşdə fərqlənməyə görə medalı ilə təltif olunan qazi İkinci qrup Qarabağ əlilidir:
“Dövlətin bizə göstərdiyi diqqət və qayğıdan çox razıyam. Əlilliyim təyin olunan gündən sonra əlillərə nə güzəşt və imtiyazlar varsa, hamısı ilə təmin olunmuşam. Mənzil şəraitimin yaxşılaşdırılması üçün müraciət etməmişəm, çünki ehtyacım olmayıb. Lakin işlə təmin edildim. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı DOST Mərkəzinin inzibatçı vəzifəsinə təyin olunmuşam. Yenə də mənfur düşmən nəsə təxribat törətsə və Ali Baş Komandan bunun qarşısını almaq üçün hücum əmri versə, öndə getməyə və düşmənə eyni dərsi təkrar keçməyə hazıram”.
“Dövlətimizin qazi və şəhid ailələrinə göstərdiyi diqqəti danmaq ədalətsizlik olar. Bu gün narazılıq edən qazilərə tövsiyə edirəm ki, müharibədən çıxan hər bir dövlətdə müəyyən sıxıntılar olur. Düşmən dəyirmanına su tökən insanların yalanlarına baş qoşmasınlar. Biz vətənimizi, millətimizin namusunu qorumuşuq. Azərbaycan hamımızın vətəni və evidir. 40 yaşım var və ömrümün 22 ilini Azərbaycan Ordusuna həsr etmişəm. Dünən torpağı müdafiə edib bu gün hər hansı mənafe üçün dövlət haqqında pis fikir yaratmağı bəyənmirəm. Sağ qalmağı, Zəfəri dadmağı məhz şəhidlərimizə borcluyuq. Qazanılan qələbəni hər hansı maddiyyat və şəxsi məqsədlər üçün qurban verməyə haqqımız yoxdur. Ali Baş Komandanın ətrafında birləşmək milləti, Vətəni sevmək deməkdir. Azərbaycan çox humanist dövlətdir. Müharibə asan deyil və dəhşətli anlar yaşadıqlarından qaziləri başa düşürəm. Amma nəzərə almaq lazımdır ki, hər şey qanunvericilik çərçivəsində edilməlidir. Döyüşmək bizim vəzifəmiz olub və adi vətəndaşlardan fərqlənməli deyilik. İndiki gənclərə yaxşı nümunə olmaq lazımdır. Çünki qazi şəhid statusundan sonra ikinci addır”.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı, XTQ mənsubu Vasif Məlikov 1982-ci ilin iyulun 9-da Cəlilabad rayonunun Böyükbəcrəvan kəndində anadan olub. Vətən müharibəsi iştrakçısı qüsursuz xidmətlərə görə ll, lll dərəcəli medallarla, həmçinin Azərbaycan Ordusunun yaranmasına görə 90, 95, 100 illik yubley medalları və xiddmətdə fərqlənməyə görə lll medalla təltif olunub.