Qazi və şəhid ailələri üçün yaradılan təsərrüfatlara media-tur təşkil edilib

Qazi və şəhid ailələri üçün yaradılan təsərrüfatlara media-tur təşkil edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün mediatur təşkil edib.
Sosial müdafiə
2 Oktyabr , 2021 10:26
Qazi və şəhid ailələri üçün yaradılan təsərrüfatlara media-tur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün media-tur təşkil edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, jurnalistlər Gəncə şəhərində və Göygöl rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar.

Onlara 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.

Qeyd olunub ki, artıq 30 minədək şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli işləri də sürətlə aparılır. Postmüharibə dövründə bu kateqoriyalardan ibarət 5320 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. 2000-dək şəxs münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 527 işəgötürən qoşularaq, 2747 vakansiya təqdim edib, həmin vakansiyalar üzrə artıq 801 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Gəncə şəhərində və Göygöl rayonunda da bu kateqoriyadan olan şəxslər üçün dəstək işləri geniş vüsət alıb. Media nümayəndələri əvvəlcə şəhid Samir Abdullayevin atası İlham Abdullayev üçün yaradılmış təsərrüfatla tanış olublar. O, postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunaraq proqramın dəstəyi ilə dəmirçilik fəaliyyəti üzrə avadanlıqlarla təmin olunaraq istehsal sahəsini qurub.

Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədzadə isə proqram vasitəsilə arıçılıq sahəsində öz təsərrüfatını yaradıb. Bunun üçün proqram çərçivəsində bütün aktivlərlə təmin olunan İ.Məmmədzadə dövlətin dəstəyi ilə qurduğu işini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir. Vətən müharibəsi qazisi Samir Hüseynovun atası üçün yaradılan kiçik bizneslə də tanışlıq olub. S.Hüseynov bu dəstəyin onlar üçün sahibkarlığa çıxış üçün yaxşı imkan olduğunu qeyd edib.

Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar kiçik ailə təsərrüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Gəncə və Göygöl şəhəri üzrə bu il həssas əhali qruplarına aid 700-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Son xəbərlər

Orphus sistemi