Yuxarı

Qazax və Ağstafada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil verilib

İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda 8 ədəd, Ağstafa rayonunda isə 4 ədəd olmaqla, ümumilikdə 12 ədəd yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, evlərin təqdim olunması tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Qazax və Ağstafa rayonları İcra Hakimiyyətlərinin məsul şəxsləri, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən N.Məmmədov bildirib ki, ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, müxtəlif rayonlarda 82 ədəd fərdi yaşayış evi, hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilib: "Ötən il 145 ədəd mənzil istifadəyə verilməklə, ümumilikdə 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu ilin əvvəlindən artıq 22 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib".

Tədbirlərdə yerli ictimaiyyətin nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olan vətəndaşlara, habelə bu döyüşlərdə şəhid olan insanların ailələrinə dövlət qayğısının artmasını bütün cəmiyyətin rəğbətlə qarşıladığını vurğulayıblar. Fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi