Yuxarı

Psixoloq: "Uşaqlarla əmr şəklində danışmaq doğru deyil" - MÜSAHİBƏ

Nuriyyə Quliyeva: Cinayət törədən şəxslərin tərcümeyi halını araşdıranda, onların çoxunun ailədə aldıqları travmanın izlərini görmək mümkündür

"Nəzarət qədərində və həddində olmalıdır. Nəzarət həddən artıq olduqda valideynin gözləntiləri əks göstəricilərlə onun qarısısına çıxacaq"

"Uşaqlara verilən cəzalar kiçik görünə bilər, ancaq fəsadları heç də yüngül olmur"

Bakı. 2 sentyabr. REPORT.AZ/ Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyevanın "Report"a müsahibəsi:

- Azərbaycanda yeni ailə quran gənclər övlad tərbiyəsinə hazır olurlarmı? Ümumiyyətlə, azərbaycanlı valideynlərin övlad tərbiyyəsini qənaətbəxş saymaq olarmı? 

- Bəzən gənclər necə valideyn olmağa, uşaqla necə davranmağa, hansı məqamda necə hərəkət etməyə hazır olmadan övlad sahibi olmağı planlaşdırır. Bu da gələcəkdə ciddi problemlərə gətirib çıxarır.

Ailə qurmaq birdən-birə verilmiş qərar olmamalıdır. Ailə qurmaq üçün atılan addım insan həyatında ən vacib məqamlardan biridir. Nikaha daxil olan şəxslər öncə bir-biri ilə necə doğru münasibət quracaqlarını, sonra övladları ilə necə davranacaqlarını, uşağın yaş dövrlərinin yaratdığı problemləri necə həll edəcəklərini əvvəlcədən bilməlidirlər.

Ailə planlaşdırıldıqda münasibətlər əvvəlcədən tənzimlənmiş olur, bu münasibət isə gələcəkdə övlada çox ciddi təsir göstərir. Ana və ata çox yaxşı valideyn ola bilər, amma onların bir-biriləri ilə münasibəti tam qaydasında deyilsə bu uşağın tərbiyəsinə, davranışına ciddi təsir edəcək.

- Uşaq tərbiyəsinin fiziki cəzalar üzərinə qurulması nə qədər düzgündür?

- Azərbaycanda hər ailədə valideynlerin ifadə etdiyi kimi desək yüngül də olsa fiziki cəzaya rast gəlinir. Amma cəza cəzadır, heç bir cəzanı yüngül adlandırmaq olmaz. Bu cəzalar bizim üçün kiçik görünə bilər, ancaq fəsadları heçdə yüngül olmur. Bu psixoloji travmanın fəsadları yeniyetməlik dövründə, hətta daha yetkin yaşlarda da özünü göstərir. Fəsadlar uşaqların davranışlarında da əks olunur. Uşaqlar böyüdükdən sonra çox aqressiv, əsəbi, səbrsiz olur, hər şeyə emosional şəkildə tez reaksiya verirlər, təhlil qabiliyyətləri zəif olur. Belə uşaqlar situasiyanı təhlil etmədən aqressiv münasibət göstərirlər.

Cinayət törədən şəxslərin tərcümeyi-halını araşdırsaq, onların çoxunun ailədə aldıqları travmanın izlərini görmək mümkündür. Sağlam ailə şəraitində böyüyən uşaq o qədər asan davranış pozuntusuna yol vermir.

Təkcə fiziki cəzaların deyil, televiziyanın, ətrafın, cəmiyyətin də uşaq tərbiyəsinə və onun formalaşmasına böyük təsiri var.

- İnkişaf etmiş ölkələrdə valideyn olmağa hazırlaşan gənclər psixoloqlara müraciət edərək problemlərlə qarşılaşacaqları zaman necə hərəkət etməli olduqlarını öyrənirlər. Azərbaycanda da bu ənənənin formalaşdığını söyləmək olarmı?

- Təəssüf ki, Azərbaycanda vəziyyət köklü formada fərqlənir və bu heç də yaxşı mənada fərqlənmə deyil. Adətən ailələr problemlə rastlaşandan sonra mütəxəssisə müraciət edirlər. Problem barədə əvvəlcədən məlumatlı olmaq, onun aradan qaldırılmasından daha asandır, nəinki problemlə rastlaşdıqdan sonra öyrənmək. Məlumatsızlıq olduqda həm uşaq, həm valideyn, həm də psixoloq çətinliklərlə üzləşir. Çünki problemli davranş artıq formalaşmış olur.

- Hazırda Azərbaycanda nikaha girən gənclərin əvvəldən tibbi müayinədən keçməsi tələb olunur. Yeni ailə quranların psixoloji müayinədən də keçməsi zəruridirmi?

- Nikahdan əvvəl psixoloqa müraciət etmək təbii ki, faydalıdır. Gənclər birlikdə yaşaya bilib-bilməyəcəkləri, fikirlərinin, dünya görüşlərinin üst-üstə düşüb-düşmədiyi, xarakterlərinin uyuşub-uyuşmadığı əvvəldən psixoloji testlərlə araşdırmalıdırlar. Gənclər bir-birlərini yaxşı tanımayıb ailə quranda sonradan çox vaxt uyğunlaşmırlar. Bu uyğunsuzluq bir müddət sonra sevgilərinə, hörmətlərinə mənfi təsir edir və boşanma ilə nəticələnir. Bu səbəbdən də gənclər əvvəlcədən bir-birlərini tanımaq üçün zaman ayırmalıdırlar.

- Valideynlər övladlarını müstəqil həyata necə hazırlamalıdırlar? Bu vəziyyət Azərbaycan ailəsində necədir?

- Xarici ölkələrdə uşaqlar daha sərbəst böyüyürlər, özünə inamları yüksək olur, fikirlərini sərbəst ifadə edirlər, kompleksləri olmur. Azərbaycan ailəsində isə bunun tamamilə əksi müşahidə edilir. Uşaqlarda komplekslər var, onlar fikirlərini aydın ifadə edə bilmirlər. Bu da əksər hallarda bizim adət-ənənələrimizdən irəli gəlir. Ailələr uşaqlarını qayda-qanun çərçivəsində böyütmək istəyir, qadağalar çox olur və sərbəstlik məhdudlaşdırılır.

Əslində, uşaqları zərərli olan vərdişlərdən və təhlükələrdən qorumaq üçün bəzi qadağaların olması vacibdir. Sadəcə olaraq, uşaqları müstəqil, özünə güvənən formada tərbiyə etməklə, zərərli vərdişlərdən və davranışlardan qorumaq arasında çox incə bir sərhəd var. Valideynlər bu nüansı duymalı və övladlarını bu çərçivədə tərbiyə etməlidirlər.

Azərbaycan ailələri isə yeməyindən geyim seçiminə qədər hər şeyi övladlarına hazır verirlər.

"Uşaqları sərbəst həyatda böyütmək" dedikdə onlara vəzifələrini öyrətməklə üzərlərinə müəyyən, kiçik öhdəliklər qoymaq, seçim şansı vermək nəzərdə tutulur. Problemlərlə rastlaşan zaman uşaqlara onu həll etmək imkanı verilməlidir. 3-4 yaşlı uşaq artıq seçim edə bilər.

- Valideyn nəzarəti hansı yaş dövrünə qədər vacibdir?

- Nəzarət qədərində və həddində olmalıdır. Nəzarət həddən artıq olduqda valideynin gözlədikləri əks göstəricilərlə onun qarışısına çıxacaq. Övladın getdiyi yerlərə çox qarışmaq, seçim verməmək doğru deyil.

Valideyn övladı haqqında sadəcə məlumatlı olmalıdır. Yəni bu, onun rahatlığı üçün vacibdir. Övladının ən çox kiminlə, harada olduğunu bilmək valideyni sakitləşdirəcək. Bunlarla bağlı məlumat valideynə ötürülsə problemlər ciddiləşməz. Uşağın, yeniyetmənin valideyni mütləq övladına inandığını hiss etdirməlidir.

- Uşaqların zərərli vərdişlərə yiyələnməsinə nələr təsir edir?

- İnsanın ətrafında olan hər bir şəxs onun tərbiyəsinə ciddi təsir edə bilər, bütün günahı valideynin üstünə atmaq düzgün deyil. Mühit, dostlar, ətraf, məktəb, universitet yoldaşları insanın həyatında həlledici təsirlərə malik ola bilərlər. Çünki onlarla da kifayət qədər çox vaxt keçirir. Övladı bütün gün ərzində nəzarətdə saxlamaq mümkün deyil.

Valideyn övladı ilə dost olmalıdır və ona müəyyən hadisələrlə bağlı əvvəlcədən məlumat verməlidir. Valideynlər uşaqları ilə hansı xüsusiyyətlərə, xarakterə mailk insanları özünə dost seçə biləcəyi, kimlərdən uzaq durmaları, hansı vərdişlərin və davranışın təhlükəli olması, cəmiyyətdə mövqe tutmaq üçün nələr etməli olduqları haqda açıq danışmalıdırlar.

Çünki yeniyetməlik dövrü ən çətin dövrdür. Onları nəzarətdə saxlamaq hər zaman mümkün olmur. Yeniyetmələr sərt müdaxilələrə etiraz edirlər. Onlarda intihara meyil yaranır, bəzi hallarda inithardan belə çəkinmirlər. Belə xoşəgəlməz hallarla rastlaşmamaq üçün valideynlər uşağın yaş xüsusiyyətlərini dərindən bilməli və onları düzgün istiqamətləndirməyi bacarmalıdırlar.

Uşaqlarla əmr şəklində danışmaq düzgün deyil. Dostcasına söhbət etmək, fikirlərini bölüşmək lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi