İki və daha çox pensiya hüququ yaranan şəxslərə müraciət olunmadan, proaktiv qaydada onlardan ən yüksək olan pensiya təyin olunacaq.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.
Qanunda yeni dəyişikliklərdən biri kimi, digər səbəbdən (xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan) orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan hərbi qulluqçulara təyin edilən pensiyanın məbləği onların təminat xərcliyinin 60 faizindən 70 faizə qaldırılacaq.
Bu da həmin şəxslərin pensiya təminatının gücləndirilməsinə, onlara təyin edilən pensiyanın məbləğinin artımına xidmət edir.
2019-cu ildən ölkəmizdə pensiya və digər ödənişlərin təyinatı müraciət olunmadan və sənəd təqdim edilmədən, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilir.
Qanunda yeni dəyişikliklərdən biri kimi, artıq pensiyanın bir növündən digər növünə keçidin də avtomatlaşdırılmış qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Yəni, iki və daha çox pensiya növünə hüququ yaranmış şəxslərə həmin pensiya növlərindən daha yüksək olanı proaktiv qaydada təyin ediləcək.
Beləliklə, illik təqribən 6-7 min şəxsin sənəd toplamasına, müraciət etməsinə ehtiyac qalmadan, həmin şəxslərə hüquqları yaranan və daha yüksək olan pensiyanın e-sistem üzərindən proaktiv qaydada təyinatı aparılacaq, habelə proaktiv xidmətlərin əhatə dairəsi daha da genişlənəcək.
Qanunda edilən digər dəyişikliklər də pensiya sisteminin təkmilləşdirilməsinə xidmət edir.