"Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub".
"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.
Onun sözlərinə görə, pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb:
"Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır. Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır".
Şöbə müdiri bildirib ki, DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib.
Hesabatın dərci Fondun fəaliyyətində şəffaflığın göstəricisidir.
Qeyd edək ki, Hesablama Palatası DSMF-dəki hüquq pozuntuları barədə Baş Prokurorluğa müraciət etməyə qərar verib.