Yuxarı

Hesablama Palatası: Pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələbləri pozulub

İşləməyən pensiyaçıların dəfn xərcləri üzrə 1 halda artıq, 19 halda isə əskik müavinət ödənişləri aparılıb

Bakı. 29iyul. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Suraxanı rayon şöbəsi tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb.

"Report" bu barədə Hesablama Palatası tərəfindən 2014-cü ilin ikinci yarısı və 2015-ci ildə Şöbə üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə istinadən xəbər verir.

Auditin əhatə etdiyi dövrdə təyin edilmiş pensiya işləri üzrə 54 halda pensiya artıq, 4 halda isə əskik ödənilib, 10 halda pensiyaya hüquq verən sığorta stajı tam araşdırılmadan pensiya təyin edilib, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan 10 fiziki şəxsə və fiziki şəxslərin 12 işçisinə artıq pensiya ödənilib.

Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin yığılması istiqamətində fəaliyyətin araşdırılması ilə müəyyən olunub ki, Şöbə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar tam icra edilməyib, bir sıra hallarda sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılması düzgün həyata keçirilməyib.

Şöbə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə məlumat bazasının üzləşdirilməsi nəticəsində müəyyən olunub ki, Mərkəzdən uşaqlarına görə sosial müavinət almasına baxmayaraq 18 şəxsə həmin ailə üzvlərinə görə pensiyanın baza hissəsinə müvafiq əlavələrin də hesablanılması səbəbindən artıq pensiya ödənilib, Mərkəzdən müharibə iştirakçısı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan 7 nəfərə və sağlamlıq imkanları məhdud uşaqlarına görə sosial müavinət alan 2 nəfərə sonradan Şöbədə əmək pensiyası təyin edilib, nəticədə sosial müavinət hüququnun itirilməsinə görə dövlət büdcəsinin vəsaitləri hesabına artıq müavinət ödənilib.

İşləməyən pensiyaçıların dəfn xərcləri üzrə 1 halda artıq, 19 halda isə əskik müavinət ödənişləri aparılıb, sığortaedənlər tərəfindən mövcud qanunvericiliyə əməl edilməməsi səbəbindən 17 halda artıq müavinət ödənilib.

Qeyd edək ki, şöbədə vətəndaşlara pensiya təyin edilməsi ilə bağlı 28 925 iş və müavinətlərin təyin edilməsi ilə bağlı 1023 iş mövcud olub. Auditin aparıldığı dövrdə müavinətlərlə bağlı işlər tam olaraq, pensiya ilə bağlı işlər risk faktorları nəzərə alınmaqla və əsasən yeni təyin edilmiş işlər olmaqla seçmə üsulla araşdırılıb. Mövcud olan pensiya işlərinin 67,1%-ni əmək pensiyaları, 24,7%-ni əlilliyə görə və 8,2%-ni isə ailə başçısını itirməyə görə pensiyalar təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi