Ötən ay Naxçıvanda 220 nəfərə əmək pensiyası və 573 sığortaolunana müavinət təyin edilib

Ötən ay Naxçıvanda 220 nəfərə əmək pensiyası və 573 sığortaolunana müavinət təyin edilib Ötən ay Naxçıvanda 220 nəfərə əmək pensiyası və 573 sığortaolunana müavinət təyin edilib.
Sosial müdafiə
7 Mart , 2023 18:48
Ötən ay Naxçıvanda 220 nəfərə əmək pensiyası və 573 sığortaolunana müavinət təyin edilib

Ötən ay Naxçıvanda 220 nəfərə əmək pensiyası və 573 sığortaolunana müavinət təyin edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı ərzində əmək pensiyalarının vaxtında ödənilməsi üçün müvafiq işlər həyata keçirilib, tələb olunan 20 milyon 971 min manat vəsait əmək pensiyaçılarının ödəniş kartı hesablarına və 349 min manat vəsait isə məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin hesablarına köçürülüb.

Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli Sərəncamına əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin məbləği 14,7 faiz indeksləşdirilərək artırılıb. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi muxtar respublika üzrə 43 min 881 əmək pensiyaçısına şamil edilib. İndeksasiyanın həyata keçirilməsi məqsədilə fondun büdcəsindən hər ay 2 milyon 353 min 280 manat əlavə vəsait ayrılıb. Bundan başqa, ölkə başçısı tərəfindən imzalanan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 8 fevral 2023-cü il tarixli Qanununa əsasən, minimum əmək pensiyasının məbləği 1 fevral 2023-cü il tarixindən 280 manata çatdırılması təmin edilib.

Fevral ayında müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 12 milyon 932 min 900 manat vəsait yığılaraq Fondun xəzinə hesabına köçürülüb. Ay ərzində nəzərdə tutulan proqnoz 131,7 faiz icra olunub. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60,6 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb.

Əmək pensiyalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı ilə bağlı müvafiq işlər görülüb, 159-u yaşa, 27-si orqanizmin funksiyalarının pozulmasına, 34-ü ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 220 nəfərə (11-i əmək pensiyası növünü dəyişənlərdir) əmək pensiyası təyin olunub.

Ay ərzində qanunvericiliyə uyğun olaraq 73-ü əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 76-sı hamiləliyə və doğuma görə, 237-si uşağın anadan olmasına görə, 46-sı uşağa qulluğa görə, 141-i dəfn üçün olmaqla, 573 sığortaolunana məcburi dövlət sosial sığorta hesabına müavinət təyin edilib.

Hesabat dövründə ilk dəfə əmək fəaliyyətinə başlayan və fərdi uçot sistemində uçota alınan sığortaolunanların sayı 383 nəfər olub, ümumilikdə, fərdi uçot sistemində uçota alınan sığortaolunanların sayı 187 min 387 nəfərə çatıb.

Fevral ayı ərzində deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası ilə bağlı sığortaedənlər tərəfindən Fondun xüsusi hesabına 611 min 670 manat vəsait köçürülüb. Ay ərzində sığorta ödənişi almaq üçün Fonda müraciət etmiş 3-ü orqanizmin funksiyalarının pozulmasına görə, 3-ü az ağır xəsarətə görə, 1-i yüngül xəsarətə görə olmaqla, ümumilikdə 7 nəfərə 15 min 915 manat sığorta ödənişi verilib.

Son xəbərlər

Orphus sistemi