Yuxarı

Ötən ay Azərbaycanda əmək qanunvericiliyinin pozulması ilə bağlı 1687 fakt aşkarlanıb

Cərimələrin 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin avqust ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti çərçivəsində keçirdiyi reydlər zamanı 1687 hüquq pozuntusu faktı aşkar edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, hüquq pozuntularının aradan qaldırılması, işçi hüquqlarının bərpası istiqamətində Əmək Müfəttişliyi Xidməti müvafiq tədbirlər görür. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub və həmin cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib.

Ümumilikdə işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, habelə işəgötürənlər arasında aparılan təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsi kimi, əmək qanunvericiliyinin pozulması hallarının sayı bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi