Ötən 4 illik dövrdə sosial inkişaf istiqamətində mühüm uğurlar əldə edilib

Ötən 4 illik dövrdə sosial inkişaf istiqamətində mühüm uğurlar əldə edilib Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlarla ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib.
Sosial müdafiə
3 İyun , 2022 11:14
Ötən 4 illik dövrdə sosial inkişaf istiqamətində mühüm uğurlar əldə edilib

Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlar, imzaladığı fərman və sərəncamlarla ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib.

“Report”un məlumatına görə, 2018-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 3 421 milyon manatdan 5 307 milyon manata qədər artıb ki, bu da 55 % artım deməkdir.

Həmin vəsaitin 78 %-i və yaxud 4 148 mln. manatı Məcburi dövlət sosial sığortası (MDSS) hesabına formalaşıb. Bu göstərici son 4 ildə 99 % artıb. Bunun müqabilində transferlər 12 % azalaraq 1 146 mln. manat təşkil edib. Həmin müddətdə DSMF xərcləri 3 487 milyon manatdan 5 307 milyon manata qədər artıb. Bu da 52 % artım deməkdir ki, əsasən əmək pensiyalarının və müavinətlərin artırılması ilə bağlıdır. Belə ki, əmək pensiyalarının ödənilməsi üçün xərclər 51 % artaraq 4 951 mln. manat, müavinətlər isə 1,9 dəfə artaraq 182 mln. manat təşkil edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində nominal pensiya xərclərində 2018-2021-ci illərdə indeksləşmə nəzərə alınmaqla 629 mln. manat, indeksləşmə nəzərə alınmadan isə 575 mln. manat qənaətə nail olunub. Təkcə 2021-ci il üzrə indeskləşmə nəzərə alınmadan qənaətin məbləği 328 mln. manat təşkil edir. DSMF-nin həm gəlirləri, həm də xərcləri istiqamətləri üzrə görülmüş işlər nəticəsində 1 milyard 463 mln. manat müsbət saldo balansı yaranıb. Bu məbləğdən 893 mln. manat vəsait dövlət büdcəsinə qaytarılıb.

2018-ci ildən bu yana ölkədə pensiyaçıların sayı 1 177 419 nəfər təşkil edib. Onlardan 702,2 min nəfər yaşa görə, 327 min nəfər əlilliyə görə, 148,2 min nəfər ailə başçısını itirməyə görə pensiya təyin olunub. İslahatlatrın nəticəsi olaraq artıq 56,7 min şəxsə elektron şəkildə pensiya təyinatı aparılıb.

Ölkə əhalisinin həssas təbəqəsi sayılan müavinat və pensiya alanlar hər zaman hökumətin diqqət mərkəzində olublar. Prezident İlham Əliyevin bu təbəqəyə diqqətinin təzahürüdür ki, son 4 ildə minimum pensiya 2,2 dəfə artaraq 110 manatdan 240 manata çatdırılıb. Orta aylıq pensiya 75 % artaraq 208 manatdan 363 manata, yaşa görə pensiya 68 % artaraq 234 manatdan 394 manata, əlilliyə görə pensiya 82 % artaraq 175 manatdan 319 manata, ailə başçısını itirməyə görə isə pensiya 93 % artaraq 164 manatdan 317 manata qədər yüksəlib.

2018-2022-ci illər ərzində 413 min nəfər sosial müavinət alıb. Onlardan 392 min nəfərinə aylıq müavinət, 21 min nəfərinə isə birdəfəlik ödəmə edilib. 365 min nəfərə Prezident təqaüdü, 40 min ailənin 176 min ailə üzvünə ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilib. Son islahatların nəticəsində 25 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb və elektron formata keçirilib, ümumilikdə cəmi 331 min elektron təyinat olub.

Sosial ödənişlər üzrə xərclər həmin müddətdə 588 mln. manatdan 2,7 dəfə artaraq 1 570 mln. manata çatdırılıb. Həmin məbləğdən müavinət ödənişi üçün ayrılan vəsait 279 mln. manatdan (2,9 dəfə artımla) 820 mln. manata, təqaüd ödənişi üçün 92 mln. manatdan (5,1 dəfə artımla) 473 mln. manata, ÜDSY ödənişi üçün isə 215 mln. manatdan (29 %) 278 mln. manata yüksəldilib.

2018-2022-ci illərdə sosial islahatlar nəticəsində minimum müavinət 5 manatdan 70 manata (14 dəfə artım), müavinətin orta məbləği 61 manatdan 157 manata (2,6 dəfə artım), müavinətin maksimum məbləği 91 manatdan 220 manata (2,4 dəfə artım), təqaüdün minimum məbləği 66 manatdan 80 manata (21 % artım), təqaüdün maksimum məbləği 1 300 manatdan 2 000 manata (54 % artım), ÜDYS orta məbləği 149 manatdan 300 manata (2 dəfədən çox artım), yaşayış minimumu 155 manatdan 210 manata (35 % artım), ehtiyac meyarı isə 116 manatdan 200 manata qədər (72 %) yüksəldilib.

Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının bu istiqamətdə siyasətinin ana xəttini təşkil edir. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Belə ki, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə bu proqram 3 il əvvələ nisbətən 5 dəfə genişlənib və 3 min mənzil və fərdi evin verilməsi icra olunub. Beləliklə, 12 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam edir. Bu proqram çərçivəsində 7400 müharibə əlilinə minik avtomobili verilib. Bu il üçün 160 avtomobilin verilməsi planlaşdırılır. Son 4 ildə 10,4 min şəxsə maddi yardımla təmin olunub, 18 minə yaxın şəxsə isə putyovka verilib.

Sosial xidmət müəssisələri və sosial layihələrə gəlincə, fəaliyyət göstərən 13 sosial müəssisədə 1 773 nəfər həssas əhali qruplarından olan şəxsə daimi xidmət göstərilir. Əlilliyi olan şəxslərin Peşə-əmək reabilitasiya mərkəzində gənclər peşə hazırlığı kurslarına cəlb olunub. Sosial tərəfdaşlar tərəfindən həssas qruplara 400 min ərzaq payı verilib ki, bunun 300 minini Heydər Əliyev Fondu təqdim edib. Sosial xidmətçi və sosial agentlər tərəfindən 5 min şəxsə evdə sosial məişət xidməti göstərilir.

Ölkədə əlillik statusunda olan şəxslərin sayı 462,5 min nəfərdir. Onlardan 52,1 min nəfəri I qrup, 265,9 min nəfəri II qrup, 90,5 nəfəri III qrup əlildilər, sağlamlıq imkanları məhdud olan şəxslərin sayı isə 53,9 min nəfərdir. Son 4 ildə isə 182 min nəfər əlillik təyinatı alıb, bunlardan 88 min nəfəri ilkin təyinat, 94 min nəfəri isə təkrar təyinat alıblar.

Sosial islahatların əsas hədəflərindən biri də əlilliyi olan şəxslər üçün müyəssərlik və inklüzivlik, əlillik təyinatlarında sosial ədalət, ünvanlılıq və şəffaflığın təmin olunması, eləcə də əlilliyi olan şəxslərə beynəlxalq təcrübəyə əsaslanan reabilitasiya xidmətlərinin göstərilməsini təmin etməkdir.

Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verir. Həmçinin son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi xeyli genişlənib. Sosial xidmət sahələrində daimi təkmilləşdirmələr də aparılıb və davam edir. Reabilitasiya xidmətlərinin sayı 41 min nəfər, verilən reabilitasiya vasitələrinin sayı 167 min, verilən yüksək texnologiyalı protezlərin sayı isə 302 ədəd olub.

Dövlət başçısının uğurlu sosial siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən sonrakı dövrdə nazirliyin 13 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq.

Övladlığagötürmə ilə bağlı görülən tədbirlərə gəlincə, sosial xidmət müəssisələrində uçota alınmış valideyn himayəsindən məhrum uşaqların sayı 1 565-dir. Həmin uşaqlardan 940 oğlan, 625-si qızdır. Ümumi 1 565 nəfərdən 1 159-u sağlam, 304-ü sağlamlıq imkanları məhdud, 102-si isə sağlamlığında problem olanlardır.

Övladlığagötürmə ilə bağlı ümumi müraciət sayı 611 olub. Onlardan 142-nə imtina cavabı verilib. Ümumilikdə isə 207 uşaq övladlığa verilib ki, bunun 106-sı oğlan, 101-i isə qız olub. Reinteqrasiya tədbirləri nəticəsində 164 uşaq müəssisələrdən ailələrinə geri qaytarılıb. Bütün müddət ərzində 1 573 əyani, 1 508 distant monitorinq keçirilib.

Yaxın gələcəkdə himayədar ailə və valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, müəssisələri tərk etməsi və ailələrinə reinteqrasiyası sahəsində xidmətlər də həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi