“O vaxt desəydilər ki, neft sənayesində belə dəyişiklər olacaq, inanmazdıq” - REPORTAJ

“O vaxt desəydilər ki, neft sənayesində belə dəyişiklər olacaq, inanmazdıq” - REPORTAJ Bakı. 20 sentyabr. REPORT.AZ/ “Azərbaycanda iki cəbhə var: şərq və qərb... Qərb cəbhəsində düşməndən Vətənimizi qoruyan əsgərlərimiz dayanır, şərq cəbhəsində isə neftçilər. Qərb cəbhəsi Azərbaycanın müstəqilliyinin, şərq səbhəsi isə Azərbaycan iqtisadiyyatının formalaşmasının qarantıdır...”.
Sosial müdafiə
20 Sentyabr , 2018 14:14
“O vaxt desəydilər ki, neft sənayesində belə dəyişiklər olacaq, inanmazdıq” - REPORTAJ
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/  “Azərbaycanda iki cəbhə var: şərq və qərb... Qərb cəbhəsində düşməndən Vətənimizi qoruyan əsgərlərimiz dayanır, şərq cəbhəsində isə neftçilər. Qərb cəbhəsi Azərbaycanın müstəqilliyinin, şərq səbhəsi isə Azərbaycan iqtisadiyyatının formalaşmasının qarantıdır...”.

Bunu Azərbaycanda Neftçiləri günü ərəfəsində fikirlərini “Report”la bölüşən iki neftçi - "Azneft" İB-nin "Abşeronneft" NQÇİ-nin rəisi Şahmar Hüseynov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Əli Əmirov adına neft-qazçıxarma idarəsinin rəisi Ramin Quliyev deyir.

Neftçi iqtisadi əsgərdir...

“Övladım da neftçi olsa çox ürəyimcə olardı” - deyən Şahmar Hüseynov 1991-ci ildən neft sənayesində çalışır. Qazax rayonunun Eynallı kəndində doğulub böyüyüb. Neftçi peşəsinə maraq isə kəndlərində qazılan kəşfiyyat xarakterli quyular olub. 45 ilə yaxın neftçi olan əmisi də onda bu sahəyə böyük maraq yaradıb. O deyir ki, peşəsini sevir, sevdiyi iş olmasa, bu gün olduğu mövqeyə sahib ola, uğur əldə edə bilməzdi. Bu peşəni sevmək üçün ilk olaraq insanda neftçi ruhu olmalıdır.

Onun sözlərinə görə, neftçi adını qazanmaq üçün neft sənayesinin bir çox sahələrində çalışmaq lazımdır, ancaq ondan sonra neftçi dilində danışmaq olar: “Neftçi adı böyük və şərəflidir. Bu ada sahib olmaq üçün bir çox parametrləri özündə daşımalısan. Neftin axtarılıb tapılmasından, onun pula çevrilməsinə qədər proseslərdə iştirak edən hər kəs neftçi sayılır”.

"Azneft" İB-nin "Abşeronneft" NQÇİ-nin rəisi Şahmar Hüseynov

Texnika elmləri üzrə fəlsəfə doktoru Ramin Quliyev isə 12 ildir neft sənayesində çalışır. Özünü bu işin bir neçə sahəsində sınayıb: operator, sahə ustası, sex rəisi, mədən müdiri. 2012-ci ildən etibarən isə idarə rəisidir. Müsahibimin ailə üzvləri arasında neftçi olmayıb, neftçi peşəsinə marağı dünyaya göz açdığı Neftçala rayonu ilə bağlıdır. İlk iş təcrübəsinə də elə Neftçalada başlayıb.

Ramin Quliyev deyir ki, Azərbaycan bu gün bir çox inkişaf etmiş neft-qaz ölkələrinə nümunə ola biləcək dövlətdir: “Ölkə iqtisadiyyatının 70 faizə yaxını neft gəlirləri hesabına formalaşır. Neft sənayesi bu gün ən ağır istehsalat sahəsidir. Neft sahəsində işləyən işçiləri bir-birindən seçmək olmaz, bu sahədə əməyi, zəhməti keçən hər kəs neftçidir. Burda bəzən elə ağır və mürəkkəb proseslər baş verir ki, insan onun qarşısını almaq üçün öz həyatını ortaya qoyur. Belə hallarda hər hansı bir neftçi iş prosesini qoyub gedə bilməz”.

“Xalqımızda neftçi ruhu var” – deyən müsahibimin sözlərinə görə, Azərbaycan neftçilərinin qısa zamanda əldə etdiyi nailiyyətlər dünyanın ən aparıcı neft şirkətlərindən daha çoxdur. “Azərbaycanda iki cəbhə var: şərq və qərb... Qərb cəbhəsində düşməndən vətənimizi qoruyan əsgərlərimiz dayanır, şərq cəbhəsində isə neftçilər. Qərb cəbhəsi Azərbaycanın müstəqilliyinin, şərq səbhəsi isə Azərbaycan iqtisadiyyatının formalaşmasının qarantıdır. Neftçilər iqtisadi əsgərlərdir”.

Hər quyu bir övladdır

Neftçilər arasında bir söz var ki, hər quyu bir övladdır, çünki onlar o quyulara əmək və zəhmət sərf edirlər.

İdarələrdə işləyən neftçilər üçün 8-12 saatlıq iş qrafiki və növbətçilik sistemi var. İşçilərin 90 faizi səhər işə gəlir, iş gününün sonunda isə evlərinə gedirlər. Fəaliyyətləri iki hissədən ibarətdir: planlaşdırılıran və planlaşdırılmayan işlər. Planlı iş zamanı xəbərdarlıq qrafiklərinə uyğun müəyyən qurğular təmir olunmalıdır, hansısa detallar dəyişdirilməlidir, üzərində əməliyyat aparılmalıdır. Planlaşdırılmayan hissə isə gündəlik vizual baxış və yoxlama zamanı aşkarlanan hər hansı neqativ hal və pozuntunu vaxtında görüb qarşısını almaq tədbirlərindən ibarətdir.

Şahmar Hüseynovun sözlərinə görə, neftçinin işi düzgün planlaşdırmadan başlamalıdır. Vaxt elə bölünməlidir ki, faydasız iş saatı qalmasın.

Ramin Quliyev deyir ki, neftçinin ən böyük sevinci quyularda neft hasilatını görməkdir: “Bu, övladının dərsindən beş almağı kimi bir şeydir, yəni, əməyinin bəhrəsini görürsən”.

Təhlükəsizlik

Neftçilərin iş prosesinə mənfi təsir edən iki faktor var: biri insanla bağlı baş verə biləcək bədbəxt hadisə, ikincisi hər hansı istehsalat qurğularının sıradan çıxması...

Ramin Quliyev Azərbaycan Dövlət Neft Şirkəti üçün təhlükəsizliyin ən prioritet məsələ olduğunu bildirdi. O deyir ki, bir insanın, mütəxəssisin formalaşmasına xeyli vaxt sərf olunur, bir adamı itirmək tək bir ailənin faciəsi deyil, bu həm də bütün neftçilər üçün itkidir.

Neft-qaz ərazisində hər zaman yanğın və partlayış üçün mühit var. Quyuların hamısı mancanaq dəzgahı ilə işlədiyi üçün ərazidə elektrik təsərrüfatı mövcuddur. Yəni, hara baxsan təhlükə var. Yarana biləcək bütün təhlükəli vəziyyətlərin qarşısını almaq üçün daim tədbirlər görülür, işçilərə təlimlər keçirilir. Maksimum dərəcədə bu risklər sıfıra endirilir. Temperatur normadan çox olanda, güclü külək əsəndə və yağışlı havalarda iş prosesi müvəqqəti dayandırılır. Çünki küləkli havada elektrik xətləri qırıla bilər, yağışlı havalarda görmə məsafəsi azalır, günlü havada isə günvurma baş verə bilər.

Xatirələr

Bu bir həqiqətdir ki, yüksək vəzifədə olan şəxslərin ən gözəl xatirələri vəzifəyə qədər olan iş dövrü ilə bağlı olur.

Şahmar Hüseynov 1996-cı ildə mədən müdirinin onu işə götürməsi prosesini xatırlayaraq deyir ki, onların əsl neftçi kimi yetişməsində məhz həmin şəxslərin rolu böyükdür: “Mədən müdirim mənimlə birgə bir nəfəri də işə götürürdü, mənim onda 22 yaşım var idi. İşə qəbul zamanı dedi ki, mən iki əjdahanı işdən çıxartmışam, sizi o iki nəfərin yerinə qoyuruq, həm onları əvəz etməli, həm də onlardan çox nəticə verməlisiz. Sonra isə işin şərtlərini izah etməyə başladı. O şərtlərdən qorxmadığımız üçün bu gün uğur qazana bilmişik”.

SOCAR “Azneft” İstehsalat Birliyinin Əli Əmirov adına neft-qazçıxarma idarəsinin rəisi Ramin Quliyev

Neftçinin istirahəti və dostluğu

Dediklərinə görə, neftçilərin dostluğu daha möhkəm olur. Şahmar Hüseynov deyir ki, neftçinin dostu neftçidir: “Neftçilərin əksəriyyəti fitri istedaddır, onlar yaxşı işlədikləri kimi, yaxşı da istirahət edə bilirlər. Kollektivdə elə adam qalmır ki, o, istirahətlə təmin olunmasın. Hər kəsin istirahət hüququ var və bundan istifadə edir”.

Fitri istedad məsələsinə gəlincə, Ramin Quliyev orta məktəblə paralel uşaq musiqi məktəbinin fortopiano bölümünü bitirib. Hazırda evində fortopiano var. O, fortopianonu gərgin işdən sonra stress atmaq üçün ən yaxşı vasitə hesab edir. Müsahibim həmçinin boksla məşğul olub, bədii ədəbiyyat oxumağı sevir.    

Neftçi nə yeməlidir?

Neft-qaz sahəsinin işçiləri zəhərli, toksit maddələrlə təmasda olduğuna görə, neftçilərin gündəlik qida rasionuna ağartı məhsulu da daxildir.

Tövsiyyə

Ramin Quliyev gənc neftçilərə və neftçi olmaq istəyən şəxslərə peşələrinə böyük sevgi ilə yanaşmağı məsləhət görür. Onun sözlərinə görə, işə sevgi olduğu halda bilik də, təcrübə və davranış da inkişaf edəcək.

Şahmar Hüseynov isə əsas təcrübənin neftçilərin arasında olmaqdan başladığını deyir: “Gələcəyin neftçisi olmaq istəyən şəxslər bu fikrə düşdükləri gündən işə başlamalıdırlar, neftçilərin yanında olmalıdır, onlarla dost olmalıdır, sənətin, sənətkarın yanında böyüməlidir. Sahəyə aid xüsusi kitablar mütaliə etmək lazımdır. Tək sahə üzrə ali təhsil inkişafa aparmaz. Arzu edirəm ki, gənclərimiz uğurlarımızı davam etdirsinlər. Neftçi olmaq üçün əlləri neftə batmalıdır. Nəzəriyyəni yaxşı bilməsən təcrübənin, təcrübə keçməsən nəzəriyyənin faydası olmaz”.

Platforma... Böyük neftçi ailəsi

Şahmar Hüseynov deyir ki, platforma həyatı həddən artıq çox maraqlı, eyni zamanda məsuliyyətli və təhlükəlidir. Platformaya gedən şəxs hər şeyi qarşısına alır. Hətta işə gedəndə ailəsi ilə axırıncı dəfə kimi görüşür.

Dənizin özünə aid qanunları var, bəzi təbii hadisələr qaçılmazdır. Amma çətinlikləri nəzərə almasaq, platforma həyatı çox maraqlıdır, mehribanlıq, dostluq var, böyük bir neftçi ailəsi var. Ordakılar bilirlər ki, baş verə biləcək problemin qarşısını bir yerdə almalıdırlar.

İllərin dəyişdiyi neft sənayesi

Şahmar Hüseynov deyir ki, son illər neft sənayesində dəyişiklik çoxdur: “Yeni işə başladığımız dövrlərdə mən elə bilirdim operatorun otağı belə olmalıdır. Təsəvvür edə bilməzdik ki, rəhbərlikdən yaxşı otaq və ya avadanlıqlar tələb edək. Bu gün isə neftçilərimiz üçün çox rahat şərait yaradılıb, adam işləməkdən zövq alır. Amma ötən dövrlə müqayisə etsək bu gün məsuliyyətimiz dəfələrlə artıb. Təhlükəsizliyə çox diqqət olunur, ekoloji cəhətdən təmizliyə nəzarət olunur. Əl əməyindən istifadə hazırda çox azalıb. Bəlkə də o vaxt desəydilər ki, neft sənayesində belə dəyişiklər olacaq, inanmazdıq”.

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi