Nazirlik sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işlə təmin edib

Nazirlik sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işlə təmin edib Ümumilikdə 1 036 nəfər kvota üzrə iş yerləri ilə təmin olunub
Sosial müdafiə
19 Yanvar , 2015 15:37
Nazirlik sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işlə təmin edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir ildə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1 036 nəfər vətəndaş kvota üzrə iş yerləri ilə təmin olunub. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir.

Kvota üzrə məşğulluğu təmin edilənlərin 249 nəfərini əlilliyi olan şəxslər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 224 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 42 nəfərini müharibə veteranları, 36 nəfərini şəhid ailəsi üzvləri təşkil edib. Habelə 25 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin, 34 nəfər sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynin, 159 nəfər 20 yaşadək gəncin, 52 nəfər pensiya yaşına 2 ildən az qalmış vətəndaşın kvota əsasında məşğulluğu təmin olunub.

Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilən "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota üzrə iş yeri ayrılmalıdır. 

Son xəbərlər

Orphus sistemi