Bakı. 29 noyabr. REPORT.AZ/ "Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilə qədər 5731 ailənin mərhələlərlə mənzillə təmin olunması nəzərdə tutulur. Onlar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində binalarda, rayonlarda isə fərdi evlər tikilməklə mənzillə təmin olunacaqlar". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib.
Onun sözlərinə görə, bu ildən dövlət başçısının sərəncamı icra olunmağa başlayıb: "Artıq 52 rayonda 353 fərdi evin tikintisinə start verilib".
Ç.Əliyev eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatında yeni metodun tətbiqinə başlandığını da qeyd edib: "Сari ildə ayrılmış vəsait hesabına əlillər üçün ayrıca binaların inşasına deyil, müxtəlif yerlərdə və yaşayış binalarında onlar üçün mənzillərin satın alınması prosesinə başlanıb .Burada məqsəd əlilləri bir binada yerləşdirib onları cəmiyyətin başqa üzvlərindən ayırmaq yox, onların digər vətəndaşlar kimi cəmiyyətə inteqrasiyasına nail olmaqdır".