Yuxarı

Nazirlik qanunsuz olaraq işdən çıxarılmış 20 işçini öz işinə bərpa edib

Həmçinin, 770 min manata yaxın gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub

Bakı. 11 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlərin 769 774 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişləri işçilərə ödənilməsini təmin edib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin vəsaitin 95 faizi gecikdirilmiş əmək haqlarından, 3 faizi işəgötürənlərin işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlərin işçilərə ödənilməsinin təmin olunması ilə yanaşı, ölkənin əmək qanunvericiliyində əksini tapan müvafiq hüquq normaları ilə bağlı işəgötürənlərə izahat və məlumatlar verilib.

Cari ilin birinci yarımili ərzində ayrı-ayrı vətəndaşların qeyri-qanuni şəkildə işdən azad edilmələri ilə bağlı Xidmətə daxil olan müraciətləri də araşdırılıb. Onlardan qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunan 20 nəfər işçinin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi