"Himayədar ailənin yaranması 3 mərhələdə həyata keçiriləcək".
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, himayədar ailələrə himayəyə götürdükləri hər uşağa görə aylıq və
onlara mövsümi geyim alınması üçün hər rübdə birdəfəlik müavinət veriləcək: "Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları ilə Azərbaycanda himayədar ailə institutunun tətbiqinə başlanır".
"Dünyada geniş yayılmış təcrübələrdən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini nəzərdə tutur. Məqsəd həmin uşaqların ailə mühitində yaşamaları və inkişafına şərait yaratmaqdır.
Dövlət başçısının 2022-ci il 15 fevral tarixli Fərmanına əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər ötən ilin 1 noyabrından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Himayədar ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi, xüsusilə Türkiyə təcrübəsi öyrənilməklə müvafiq işlər aparılıb. Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə qayğı modeli üzrə müraciətlərin qəbulu və xidmətlərin idarə edilməsi də Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi üzərindən həyata keçiriləcək. Bununla bağlı altsistemdə müvafiq təkmilləşdirmə işləri yerinə yetirilib.
Himayədar ailə Nazirliklə himayədar valideyn olmaq istəyən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranacaq. Himayədar ailənin yaranması 3 mərhələdə həyata keçiriləcək:
- Himayədar valideyn olmaq istəyən şəxslərin uçota alınması;
- Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması;
- Nazirlik ilə himayədar valideyn olmaq istəyən şəxslər arasında müqavilənin bağlanması.
Aşağıda qeyd olunan Azərbaycan vətəndaşları himayədar valideyn ola bilər:
- yetkinlik yaşına çatmış hər iki cinsdən evli və ya subay olan,
- ən azı ümumi orta təhsilli və sağlamlıq vəziyyəti normal olan,
- ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan,
- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan.
Uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla, ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən, yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi isə qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır.
Himayədar valideyn olmaq istəyən nikahda olan şəxslərdən biri (ər və ya arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaş müəyyən olunub. Nikahda olmayan şəxslə ona himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır. 7 yaşına çatmış uşaq himayədar ailəyə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə veriləcək.
Himayədar ailələrə himayəyə götürdükləri hər uşağın tərbiyə edilməsinə görə aylıq müavinət uşaqların yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 355 - 435 manat arası məbləğlərdə müəyyən edilib. Həmin uşaqlara mövsümi geyim alınması üçün himayədar ailə birdəfəlik müavinət (hər rübdə 200 manat) də veriləcək.
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları ilə eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı mövcud olan mexanizm təkmiləşdirilib. Belə ki, yeni qanunvericilik aktlarında valideyn himayəsindən məhrum olmuş uşaq barədə məlumat alındıqda uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin və əsaslı qiymətləndirilmənin aparılması, ailə inkişaf planlarının tərtib olunması, ailəyə yönəlik sosial dəstək tədbirlərinin göstərilməsi və s. məsələlər əksini tapıb", - məlumatda qeyd edilib.