Nazirlik: Bu il 64 minə yaxın şəxs “İş yerinə dair arayış” elektron xidmətinə müraciət edib

Nazirlik: Bu il 64 minə yaxın şəxs “İş yerinə dair arayış” elektron xidmətinə müraciət edib Arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə etmək mümkündür
Sosial müdafiə
17 Aprel , 2017 11:06
Nazirlik: Bu il 64 minə yaxın şəxs “İş yerinə dair arayış” elektron xidmətinə müraciət edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 17 aprel. REPORT/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə bu ilin birinci rübündə 63 924 vətəndaş müraciət edib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü (43 360 müraciət) ilə müqayisədə 47,4 faiz çox olub.

Qeyd edək ki, vətəndaşlar “İş yerinə dair arayış” xidməti vasitəsilə işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmədən, real vaxt rejimində, rahat şəkildə öz iş yerlərinə dair arayışı elektron şəkildə əldə edə bilirlər. İstifadəçi istəyinə uyğun olaraq ümumi təyinatlı və ya konkret bir quruma təqdim etmək üçün arayış əldə edə bilir. Arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə etmək mümkündür. Sənəddə işəgötürən haqqında məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli və ya müddətsiz olması, eləcə də arayışın etibarlılıq müddəti, digər məlumatlar əksini tapır. Arayışın təqdim edildiyi təşkilatlar isə bu sənədin üzərindəki ştrix-kod vasitəsilə “E-hökumət” portalında arayışın, orada əksini tapan məlumatların düzgün olub-olmadığını yoxlaya bilirlər.

2014-cü ilin dekabr ayında əhaliyə təqdim olunan və həmin vaxtdan ölkədə kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayan “İş yerinə dair arayış” elektron xidməti e-arayış növləri sırasında populyarlığı ilə seçilir. İstifadəyə verildiyi vaxtdan cari ilin 01 aprel tarixinə qədər olan dövrdə vətəndaşlar bu e-xidmətə ümumilikdə 516,8 min dəfə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi