Yuxarı

Azərbaycan Çernobıl əlillərinin sosial müdafiəsi sahəsində ən fəal siyasətə malik ölkələrdən biridir

Onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezident təqaüdü də ödənilir

Bakı. 25 aprel. REPORT.AZ/ 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, 1993-cü ildə Azərbaycanda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, onların və ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi sahəsində mühüm tədbirlərə başlanılıb. 

Azərbaycanın sosial qanunvericiliyində Çernobıl əlilləri əlilliklərinin səbəbinə görə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar və Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar kateqoriyaları üzrə müəyyən ediliblər.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan vətəndaşlar (2 864 nəfər) Azərbaycanda müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir və onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar (1 730 nəfər) aylıq sosial müavinət və ya əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan I qrup əlillər isə əlilliyə görə sosial müavinətlə bərabər, Prezident təqaüdü ilə də təmin olunurlar.

Eyni zamanda, Çernobıl əlillərinin müalicə üçün ildə bir dəfə birdəfəlik müavinətlə, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının (878 nəfər uşaq) aylıq sosial müavinətlə təminatı həyata keçirilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Ötən dövrdə 200 nəfərə yaxın Çernobıl əlilinə mənzil, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan bütün Çernobıl əlillərinə isə avtomobil təqdim edilib. Onların sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidmətləri və s. ilə təminatı sahəsində də müvafiq işlər görülür.

Qeyd olunanlar Azərbaycanın Çernobıl əlillərinin sosial müdafiəsi sahəsində ən fəal siyasətə malik ölkələrdən biri olduğunu qeyd etməyə əsas verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi