Nazirlik 25 nəfər sağlamlıq imkanları məhdud olan uşağı Türkiyəyə müalicəyə göndərib

Nazirlik 25 nəfər sağlamlıq imkanları məhdud olan uşağı Türkiyəyə müalicəyə göndərib Bu il 75 nəfər sağlamlıq imkanları məhdud uşağın Türkiyənin Nobel Tibb Mərkəzində 20 günlük ixtisaslaşmış bərpa-müalicə kursu keçməsi təmin olunacaq
Sosial müdafiə
22 İyun , 2015 11:18
Nazirlik 25 nəfər sağlamlıq imkanları məhdud olan uşağı Türkiyəyə müalicəyə göndərib

Bakı. 22 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 25 nəfər sağlamlıq imkanları məhdud uşağı valideynlərindən birinin müşayiəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iyunun 22-də keçirilən yola salma zamanı ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev son aylarda 115 nəfərdən çox əlilliyi olan şəxsin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicəsinin təşkil edildiyini bildirib: "Bu il 75 nəfər sağlamlıq imkanları məhdud uşağın Nobel Tibb Mərkəzində 20 günlük ixtisaslaşmış bərpa-müalicə kursu keçməsi təmin olunacaq. Onlardan 25 nəfərini artıq bu gün yola salırıq. Uşaqlar orada 5 ulduzlu hoteldə yerləşdiriləcək və sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bu işlərə nəzarət etmək, eləcə də mərkəzin bərpa-müalicə sahəsində təcrübəsini öyrənmək üçün ƏƏSMN-dən bir nəfər həkim əməkdaşı da Türkiyəyə ezam olunur".

S.Abdullayev bildirib ki, ümumilikdə bu il ötən illə müqayisədə 20 faiz çox, yəni 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə bərpa-müalicəsinin təşkili nəzərdə tutulub: "Nobel Tibb Mərkəzi çətin sağalan xəstəliklərin müalicəsi, o cümlədən xroniki çatışmazlıqların aradan qaldırılması üzrə böyük təcrübəyə və peşəkar həkim-reabilitoloq personalına malikdir. Burada Dənizli bölgəsinin müalicəvi təbii resurslarından geniş istifadə edilməklə və ən müasir tibb texnologiyaları tətbiqi yolu ilə hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə bərpa-müalicə prosedurları həyata keçirilir".

Şöbə müdiri Azərbaycan daxilində də sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi istiqamətində məqsədyönlü işlərin aparıldığını, təkcə ötən il ƏƏSMN-in Bakı və Naxçıvan şəhərlərindəki Uşaq Bərpa Mərkəzlərində ümumilikdə 3500 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi