Nazir: “Sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub”

Nazir: “Sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub” “Möhtərəm cənab Prezident, Sizin ali rəhbərliyiniz ilə Azərbaycan Ordusunun Qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını itirən şəhidləri
Sosial müdafiə
13 Aprel , 2022 00:11
Nazir: “Sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunub”
Sahil Babayev

“Ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını itirən şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi idi. Bu istiqamətdə Sizin tapşırıqlarınıza uyğun olaraq tədbirlər bir neçə sahə üzrə aparılmışdır. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur”.

“Report” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.

“Burada həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranları da əhatə edilmişdir. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Sizin müvafiq fərman, sərəncamlarınızla 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 60 faizədək artırılmışdır. Bu ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər də 60 faizədək artırılmışdır. Ümumilikdə qeyd etdiyim kimi, 93 min şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur.

Digər bir istiqamət məşğulluq sahəsinə dəstək tədbirləri olmuşdur. Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülmüşdür. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki, burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir. Bu proqramın ən önəmli istiqamətlərindən biri Sizin vurğuladığınız kimi, mənzil təminatı məsələləri idi. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir.

Cənab Prezident, xüsusi olaraq vurğulayım ki, son üç il ərzində Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir.

Digər bir istiqamət də reabilitasiya məsələləri idi. Bu çərçivədə müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq, müharibədə yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim olunub. Bu proses də uğurla icra olunur və davamlı şəkildə həyata keçiriləcəkdir. Ümumiyyətlə, Vətən müharibəsində iştirak edib əzalarını itirən cəmi 6 qazimiz qalıb ki, onlar protezlə təmin olunmayıblar. Bunun da səbəbi onların müalicə proqramıdır. Çünki müalicənin müəyyən bir nöqtəsindən sonra məhz protezləşməyə təqdim oluna bilərlər. Bu sahədə işlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün ötən ilin yayında Sizin verdiyiniz Fərmana uyğun olaraq, avqust ayından etibarən Vahid Əlaqələndirmə mərkəzləri yaradılmağa başlandı - həm DOST mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında. Bu günə artıq Bakı şəhəri və 33 rayonumuz Vahid Əlaqələndirmə Mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq. Ümumiyyətlə, ötən 6 aylıq dövr ərzində bu mərkəzlərdə 26 min vətəndaşımız - şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib və onlara 6 müxtəlif mərkəzi icra hakimiyyəti orqanının və yerli icra hakimiyyəti orqanlarının göstərdiyi 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur”, - əmək və əhalinin sosial müdafiəsi naziri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi