"Azərbaycanda effektiv pensiya yaşı 62-dir və 65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir: "Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək 30 yaşından pensiya olacaq, lakin bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə - hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min sayda pensiyaçıya əsaslanır".