Təqaüd xərclərinin optimallaşması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına imkan yaradacaq.
“Report” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
O bildirib ki, peşə hazırlığına cəlb olunanlara əməkhaqqı deyil, təqaüd ödənilir:
“Eyni zamanda onların nəqliyyat xərcləri İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına konpensasiya olunur. Təqaüdün məbləğinin aylıq minimum əməkhaqqının məbləği ilə bağlantısı yenə də saxlanılacaq.
Növbəti dövrdə minimum əməkhaqqı artdıqca, təqaüdün məbləği də artacaq. Peşə hazırlığına cəlb olunan şəxs əvvəldən bilməlidir ki, harada işləyəcək. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədilə proqrama daxil olmanı stimullaşdırmamalıdır".