Bakı. 7 yanvar. REPORT.AZ/
"Report" xəbər verir ki, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq, bu ildən Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılmasına başlanılıb. Pensiya hüququ yaranmış şəxslərə onların hər hansı bir quruma müraciət etmədən elektron qaydada pensiya təyinatı həyata keçirilir və bu barədə onlara sms vasitəsilə məlumat göndərilir.
Elektron qaydada pensiya təyinatı aparılmış ilk şəxs - Bakının Yasamal rayon sakini Ramazan Camaləddin oğlu Şabanov olub. Bu münasibətlə R.Şabanovla görüşən əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti R.Şabanov heç bir sənəd toplamadan, heç bir yerə müraciət etmədən ona elektron qaydada pensiya (490 manat) təyin olunmasından məmnunluğunu ifadə edib. Bildirib ki, ad günündə gözlənilmədən telefonuna gələn sms vasitəsilə ona artıq pensiya təyin olunduğunu öyrənib. Bu onun üçün ad günündə ən xoş sürpriz olub.
R.Şabanov dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətlərindən birinin də məhz elektron texnologiyaların geniş tətbiqi olduğunu qeyd edib. O, bu istiqamətdə Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun aparılan işlərin əhəmiyyətini vurğulayıb, vətəndaşlarda məmnunluq yaradan bu islahat tədbirinə görə dövlətimizin başçısına öz minnətdarlığını ifadə edib.
Cari ilin əvvəlindən pensiya hüququ yaranan artıq 560 şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.
Qeyd edək ki, pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilər üçün 64, qadınlar üçün 61 yaşdır. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş olduğunu nəzər alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il (o cümlədən kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il) təşkil edir.