Yuxarı

Nazir: "Bu proses əlillik təyinatında şəffaflığın təmin olunmasına imkan verib"

Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) yeni avadanlıqlarla təchiz edilib

Bakı. 16 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) yeni avadanlıqlarla təchiz edilib və müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunub. Bu barədə "Report"a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, yaradılan şəraitlə tanış olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümumən ölkədə tibbi-sosial ekspertiza sisteminin müasir səviyyədə yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb: "İlk növbədə bu sistemin tam elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir. Bu sistem əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının elektron mübadiləsi təmin edilir. Eyni zamanda bütün əlillik müayinələrinin nəticələri sistemdəki elektron bazaya daxil edilir ki, aidiyyəti qurumların müvafiq məlumatları həmin bazadan elektron qaydada əldə etməsinə şərait yaranır. Bu proses əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimallaşmasına, şəffaflığın təminatına imkan verib".

Nazir digər tərəfdən əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi yönündə islahat işlərinin davam etdirildiyini qeyd edib. O bildirib ki, bu sahədə qabaqcıl dünya təcrübəsi diqqətlə öyrənilib, beynəlxalq ekspertlərlə müzakirələr aparılıb və əsas prinsip kimi qeyd olunan meyarların tibbi yanaşma ilə bərabər, sosial yanaşma modeli üzərində də müəyyən edilməsi nəzərdə tutulub. Belə yanaşma əlilliyin müəyyən edilməsi zamanı şəxsin potensial sosial reabilitasiya, o cümlədən əmək fəaliyyəti potensialının müəyyən olunmasına yönəlib ki, bu da həmin şəxsin cəmiyyətdə, eləcə də əmək bazarında aktiv iştirakdan kənarda qalmasının qarşısını alır: "Bu işlərlə bərabər biz ötən ilin ortalarından Tibbi-Sosial Ekspert Komissiyaların maddi-texniki bazasının və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması işlərinə başlamışıq. Qısa vaxtda nazirliyin 38 Tibbi-Sosial Ekspert Komissiyası artıq 21-i müasir iş şəraiti və avadanlıqlarla təmin edilib".

S.Müslümov qeyd edib ki, yaxın vaxtlarda bu işlər tam başa çatdırılacaq, digər komissiyalarda da müasir iş şəraiti yaradılacaq, onlar tibbi-sosial ekspertiza üçün müasir müayinə cihazları ilə təmin olunacaqlar.

Tədbir zamanı TSEK üçün yaradılan yeni iş şəraiti, müayinə avadanlıqları, göstərilən tibbi-sosial ekspertiza xidməti, müvafiq göndərişlərin elektron şəkildə qəbul olunması prosesi nəzərdən keçirilib. S.Müslümov komissiyanın kollektivinə əhaliyə xidmətin daim yüksək səviyyədə, şəffaflıq şəraitində həyata keçirilməsi, vətəndaşların müraciətinə diqqət və qayğı ilə yanaşılması, əlillik müayinəsi zamanı vətəndaşların reabilitasiya imkanlarına diqqətin artırılması, onların reabilitasiyasında bərpa-müalicə müəssisələri ilə qarşılıqlı və səmərəli fəaliyyətin qurulması və s. barədə tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi