Yuxarı

Nazir: "Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə halları minimuma endirilib"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta ilə görüş olub. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından və müxtəlif sahələr üzrə həyata keçirilən əməkdaşlıqdan bəhs edib.

S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi üçün icra olunan sosial proqramları qeyd edib. 

Gənclərin məşğulluğu, sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının yaradılması sahəsində görülən işləri diqqətə çatdıran nazir qeyd edib ki, bu ilin 11 ayında vətəndaşlar elektron qeydiyyat sistemindən 1 milyon 829 min dəfəyə qədər faydalanıb: "Əmək müqavilələri üzrə elektron informasiya sistemində qeydiyyatda olanların 150 nəfəri ABŞ vətəndaşlarıdır".

ABŞ səfiri Robert Sekuta Azərbaycanda sosial cəhətdən həssas qruplara diqqət və qayğı göstərilməsi, o cümlədən insan alveri qurbanlarının sosial müdafiəsi, uşaq əməyindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması sahəsində görülən işlərlə maraqlanıb.

S.Müslümov nazirliyin tabeliyində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət göstərdiyini, mərkəz tərəfindən təkcə cari ilin ötən dövründə 57 nəfər insan alveri qurbanının və insan alverinin qurbanına çevrilmək riski olan 19 nəfər şəxsin maddi, tibbi, hüquqi, psixoloji və s. yardımlarla təmin edildiyini diqqətə çatdırıb.

Nazir insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq, aparılan işlər, bu mövzu ilə bağlı ictimai məlumatlandırma tədbirləri barədə də məlumat verib. Azərbaycanda uşaq əməyi ilə bağlı milli qanunvericiliyin də beynəlxalq prinsiplər əsasında təkmilləşdirildiyini vurğulayan S.Müslümov ölkənin Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmamış şəxslərin əmək, həmçinin onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasının qadağan edildiyini bildirib. O, aidiyyəti hökumət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq şəraitində aparılan işlərin müsbət nəticəsi kimi respublikada uşaq əməyindən qeyri-qanuni istifadə hallarının minimuma endiyini qeyd edib.

Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi