Nazir xatırladıb ki, mövcud qanunvericiliklə bütün işçiləri on nəfərdən artıq olan müəssisələrdə işçilərin sayı artdıqca bunun faiz ifadəsində kvotası da artır: “Qanunvericiliklə işçilərin müəyyən hissəsinin sağlamlıq imkanlarının məhdud insanların olması tələb olunur. Bu istiqamətdə nazirlik fəaliyyətini gücləndirəcək. Əmək qanunvericiliyi və “Məşğulluq haqqında” qanuna dəyişiklərin edilməsi işləri gedir. Bu tələbi yerinə yetirməyən işəgötürənlərə qarşı tətbiq olunacaq cərimələrin artırılmasını təklif edəcəyik. Hazırda bununla bağlı işlər gedir”.
"Dünya təcrübəsi göstərir ki, kvotadan daha çox əlillər üçün xüsusi iş yerlərinin açılması istiqamətində aparılan tədbirlər daha səmərəlidir. Çünki artıq burada onlar üçün xüsusi belə yerlər yaradılır və onlar orada çalışırlar. Bazar iqtisadiyyatında belə iş yerlərində istehsal olunan məhsulların bazarda satılması imkanları olmur. Bu müəssisədə istehsal olunan məhsullar müəyyən rəqabət imkanlarına malik olmalıdır. Bu istiqamətdə də müəyyən tədbirlərin həyata keçirilməsi vacib olacaq”, - nazir əlavə edib.