"Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan 2650 şəxsə reabilitasiya xidmətləri göstərilib".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu kateqoriyadan olan 1766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir dördüncü nəsil protezlə təmin olunub.
Agentlik sədri vurğulayıb ki, son dörd ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib: "Bir uşaq reabilitasiya müəssisəsi - Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib".