Minimum əməkhaqqının artırılması qiymət artımının kompensasiyasına səbəb olacaq - RƏY

Minimum əməkhaqqının artırılması qiymət artımının kompensasiyasına səbəb olacaq - RƏY “Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam keçən il ərzində aşağı templə davam edən qiymət artımının müəyyən qədər kompensasiya edilməsinə səbəb olacaq”
Sosial müdafiə
6 Yanvar , 2023 14:54
Minimum əməkhaqqının artırılması qiymət artımının kompensasiyasına səbəb olacaq - RƏY

“Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam keçən il ərzində aşağı templə davam edən qiymət artımının müəyyən qədər kompensasiya edilməsinə səbəb olacaq”.

Bu fikirləri “Report”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinın sədri Nailə İsmayılova deyib.

O bildirib ki, əhalinin aztəminatlı təbəqəsinin sosial rifahının yaxşılaşdırılması və qorunub saxlanılmasının daim hökumətin diqqətində olması vacibdir:

“Əlbəttə ki, əhalinin rifah halının yaxşılaşdırılması onun xoşbəxt yaşaması və gələcəyə ümidlərinin artması, stimul verilməsi deməkdir. Yenə də bütün bu artımların fövqündə iqtisadi inkişaf dayanır”.

“Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Məhz bu kontekstdən yanaşsaq, ölkəmizdə sahibkarlığı daha da yaxşı inkişaf etdirə bilsək və daha çox və sürətli iqtisadi artıma nail olsaq, eyni zamanda inflyasiyanın qarşısı zamanında alınsa, belə artımların səviyyəsi müəyyən mənada yüksələn dinamikayla sürətlənə bilər ki, bu da əhalinin həyatında öz müsbət təsirini daha yaxşı hiss etdirəcək” – N.İsmayılova əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir.

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi